Oktyabrın 8-də ARNK yanında Tərcümə Mərkəzinin direktoru
Afaq Məsud Dillər Universitetinin tərcümə fakültəsinə yüksək balla daxil
olmuş tələbələri ilə görüşüb.
Mərkəzdən "Reportyor"a verilən
məlumata görə, görüş zamanı tərcümə sənətinin aktuallığı, tərcüməçilik
ixtisasının özəl incəlikləri, həmçinin tədrisi sahəsində yaşanan
problemlərdən söz açılıb.
Uzun illər beynəlxalq
aləmlə "Sovetlər ölkəsi" kimi yalnız rus dili vasitəsi ilə ünsiyyət
quran Azərbaycanın bu gün dünyaya öz sözü, müstəqil siyasəti ilə
inteqrasiya etdiyini, müxtəlif sahələr və səviyyələr üzrə qurulan bu
əlaqələrdə, mübadilə və iş birliklərində, həmçinin dövlətlərarası rəsmi
yazışmalarda qarşılıqlı anlaşmanın ilkin vasitəçisi və təyinatçısı olan
dil və tərcümənin ön palana çəkildiyini bildirən A.Məsud görülən
işlərdən, bu sahənin kadr bazasının bilavasitə qurucusu olan təhsildən,
tərcümə tədrisinin problemlərindən danışıb: "2014-cü ildə ölkə başçısı
cənab İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Tərcümə Mərkəzinin yaradılması ilə bağlı fərman imzaladı. Bu Fərman dil
və tərcümənin işləndiyi hər sahədə yaşanan fəsadların, əngəllərin aradan
qaldırılmasına, bu sahənin dövlətin siyasi kursu qismində
formalaşdırılmasına geniş imkanlar yaratdı. Bəzən bizi "Tərcümə Mərkəzi"
adı altında vətəndaşlara tərcüməçilik xidməti göstərən xırda
kontorlarla qarışıq salır, bəzən də sırf bədii ədəbiyyatın tərcüməsi ilə
məşğul olan yaradıcı tərcümə qurumu kimi qəbul edirlər. Lakin bu, belə
deyil. Mərkəz ölkə üzrə dil və tərcümə sahəsinin mərkəzləşdirilmiş
qaydada, məqsədyönlü şəkildə təşkili, təkmilləşdirilməsi və bu sahəyə
nəzarəti həyata keçirən strateji əhəmiyyətli dövlət qurumudur. Bu gün
biz bu sahənin normativ hüquqi bazasının yaradılması, tərcümə və
tərcüməçilik fəaliyyətinin beynəlxalq normalara cavab verəcək
mexanizmlər üzrə aparılması, peşəkarlıq meyarlarının, dil və tərcümə
standartlarının müəyyən edilməsi və digər bu kimi sahə quruculuğu işləri
ilə məşğuluq. Sizləri bura dəvət etməkdə məqsədimiz isə bu sahənin
tədrisi üzrə araşdırmaların nəticələrini birgə müzakirə etmək,
vəziyyətdən çıxış yolları tapmaqdır. Əvvəla, hər birinizi ürəkdən təbrik
edir, bu çətin və şərəfli peşədə sizə uğurlar arzulayıram. İlk növbədə,
bunu deməliyəm ki, tərcümənin təhsil sferası üzrə aparılan araşdırmalar
ali məktəblərə qəbul zamanı, çox hallarda tərcümə ixtisasının ikinci,
bəzən üçüncü pillədə - yəni bal çatışmadığı halda təhsildən kənarda
qalmamaq niyyəti ilə seçildiyini aşkar edib. Digər, daha ağrılı məqam -
bu ixtisasa önəm verən və yüksək bal toplayan qabiliyyətli tələbələrin
ikinci kursdan sonra təhsilini xarici ölkələrdə davam etdirməsi və
təhsil müddəti başa çatdıqdan sonra geriyə qayıtmamasıdır".
Bunun
ardınca Afaq Məsud hər bir ölkənin müasir səviyyəsinin göstəricisi olan
dil və tərcümənin aktuallaşması, spesifik sahələr üzrə mənimsənilməsi,
tədris və tətbiq mədəniyyətinin təkmilləşdirilməsi üzrə zəruri
tədbirlərin həyata keçirilməsini tənzimləyəcək Dövlət Proqramının
hazırlandığını bildirib.
Sonra söz tələbələrə verilib.
Ceyhun Şahbazlı: (ADU/Tərcümə fakültəsi/Koreya dili)
-
Tərcümə sənətinə sevgi hələ məktəbdə oxuduğumuz vaxtlardan bizə
aşılanmalıdır. Şagirdlərin isə bu sahə barədə anlayışı yoxdur. Mən bu
fakültəyə daxil olandan sonra bildim ki, tərcümənin müxtəlif sahələri
var. Məktəblərdə maarifləndirici görüşlər təşlik olunmalı, silsilə
təlimlər həyata keçirilməlidir. Tədris prosesinə başlamazdan əvvəl
yuxarı siniflərdə bizlərdə bu sənətə maraq oyatmaq lazımdır.
Rzayeva Jalə: (ADU/Tərcümə fakültəsi/İngilis dili)
-
Mən də tələbə yoldaşımın fikirlərinə qoşuluram. Bəzilərimizin yaxınları
yüksək balla tərcümə fakültəsinə düşməyimizə təəssüflə yanaşdılar.
Onlar arzulayırdılar, hüquq fakültəsində oxuyaq, biz bu sənətin
xüsusiyyətlərindən bixəbər olduğumuza görə, ilk günlər məyus olmuşduq,
amma tədricən görürük ki, çox maraqlı ixtisasdır. Təəssüf ki,
məktəblərdə tərcümə sənətinin necə önəmli, cəmiyyət üçün necə vacib
olması barədə məlumat verilmir.
Məsələn, ingilis dili üzrə pedaqoji
istiqamətdə təhsil alıb, gələcəkdə müəllim diplomu alacaq tələbələr də
tərcüməçi olmaq istəyirlər. Bu, xüsusi olaraq aşılanmalıdır tələbələrə.
Başqa ixtisas üzrə təhsil almış şəxslərin sonradan tərcüməçi olmaq
istəyi, məncə, qeyri-ciddidir. Hər kəs öz sahəsi ilə məşğul olsa, nəticə
daha ürəkaçan olar.
Samirə Kəlbəliyeva: (ADU/Tərcümə fakültəsi/İngilis dili)
-
İnternet portalları vasitəsi ilə də məlumat əldə etməyə çalışmalıyıq.
Maarifləndirmə hər istiqamətdə aparılmalıdır. Hazırda, təhsildə
kurikulum sistemi tətbiq olunur. Amma, mən də içində olmaqla, bəzi
tələbələr məktəbdə bu sistemlə təhsil almayıb, indi universitetdə yeni
sistemə uyğunlaşmağa çalışırıq. Lakin əvvəlki təhsillə indiki təhsil
arasında uçurum hiss olunur.
Məsələn, sistem özü maraqlıdır, amma
dərsliklər buna müvafiq deyil və ya bir çox hallarda kurikulumla
keçilməli dərsi müəllimlər bizə gərəkli şəkildə çatdıra bilmirlər.
Rəhimli Aytən: (ADU/Tərcümə fakültəsi/İngilis dili)
-
Mən şəxsən bu ixtisası "ən gəlirli sahədir" - deyənlərin fikri ilə
seçdim. Amma indi görürəm ki, bu, həm də çox maraqlı sənətdir.
Rzayev Taleh: (ADU/Tərcümə fakültəsi/İngilis dili)
-
Azərbaycan dilinin incəliklərini bilmədən heç bir dildən tərcümə
eləməkdən danışmaq olmaz. Həmçinin hansı dildən və hansı dilə tərcümə
ediriksə, həmin dildə danışan xalqların mədəniyyətini də bilməliyik.
Azərbaycan dili çox zəngin dildir, müasir və müstəqil bir ölkədə
yaşayırıq. Artıq müxtəlif dillərdən rus dilinə, daha sonra rus dilindən
Azərbaycan dilinə tərcümə etməyə ehtiyac yoxdur, bütün mətnlər
orijinaldan dilimizə çevrilməlidir. Mən tərcüməyə ingilis dilində bədii
ədəbiyyat oxumaqla başlamışam. Müəllimimlə tez-tez müşahidə edirdik ki,
bəzi sözlərin dilimizdə ifadəsi çox uzun alınır, bəzən bir sözü tərcümə
etmək üçün bir neçə sözdən istifadə edirdik. Biz ixtisasımız üzrə
müvafiq xarici dilə yiyələnməklə yanaşı, ana dilimizdə də söz
ehtiyatımızı artırmağa, dilimizin incəliklərinə bələd olmağa
çalışmalıyıq.



































































































