Bir torba narın sirri...

Hazırda oxunan: Bir torba narın sirri...

98683
(Hekayə)

Beş yaşlı Özləm bu günü çoxdan gözləyirdi. Atası Həsən ikinci dəfə idi ki, onu Şəhidlər Xiyabanına aparırdı. Əllərində qərənfil tutan izdihamın xiyaban boyu, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinə doğru irəliləməsi həyatın boz üzünü görməmiş, fikirdən, qayğıdan uzaq uşağa, əslində, o qədər də qəribə gəlmirdi. 1990-cı ilin 20 yanvarında “qırmızı”x9d imperiyanın paytaxt Bakıya yeritdiyi qırmızı ordunun, azadlıq arzusu ilə küçələrə çıxan xalqımızı qırmızı qana boyaması barədə bir vaxtlar şərəfli zabit ömrü yaşamış atasının ona anlatdıqları Özləmin uşaq qəlbində ilişib qalmışdı. Qanlı-qadalı hadisələrin üstündən illər ötsə də, şəhidlərin xatirəsinin əziz tutulması, ildönümü günlərində hörmətlə yad edilməsi haqda Həsənin bu balaca qızcığaza söylədikləri də onun uşaq yaddaşında dərin iz salmış və bu da Özləmdə torpağın, doğma vətənin müqəddəsliyi, yurd yanğısı, vətənə məhəbbət barədə təsəvvür yaratmışdı. İndi yüz minlərdən ibarət izdihamın ardı-arası kəsilmədən Şəhidlər Xiyabanını ziyarət etməsi onda suallar doğurmurdu. 
Özləm böyüdükcə onun vətənə, doğmu yurda qarşı hisslərində də qəribə bir dəyişiklik yaranırdı. Xüsusilə atasının doğulub boya-başa çatdığı Cəbrayıl rayonunun işğalı haqda məlumatları artdıqca, Həsən mütəmadi olaraq bu barədə onu bilgiləndirdikcə bapbalaca vücudundan böyüklərə xas gizilti keçirdi. Qızcığaz ilk dəfə belə giziltini dörd yaşında olarkən hiss eləmişdi. Özləm həmin ilin 23 avqustunda, Cəbrayılın işğal günündə Şəhidlər Xiyabanına ziyarətə getmişdi. Cəbrayılda doğulmasa da, uşaq vücudunda Cəbrayıl boyda həsrət, Cəbrayılsızlıq ağırlığında nisgil, qəm, kədər daşıyırdı.
Qızcığaz sanki Cəbrayılı görmüş, uzun illər orda yaşamış, yal-yamacını, əsrarəngiz təbiətini seyr etmiş, qarış-qarış gəzmiş, diş göynədib-sızladan bumbuz bulaqlarından su içmiş, illər uzunu saf, təmiz havasını ciyərlərinə çəkmişdi. Həqiqətdə görmədiyi Cəbrayıl onu ildən-ilə, ahənrüba kimi özünə daha çox çəkirdi. Amma bu, maqnit qüvvəsinə bənzəmirdi. Hər nə idisə, heç Nyutonun ümumdünya cazibə qanununa da tabe deyildi. Onu Cəbrayıldan ayıran zaman məsafəsi artdıqca ata yurdu ilə aralarındakı cazibə qüvvəsi də kəskin artırdı. Bu qüvvəni Özləmə atası Həsən vermişdi...

Özləmin də, özündən üç yaş balaca bacısı Ləmanın da uşaq qəlbində atasına qarşı fövqəladə və qeyri-adi bir sevgi kök atmışdı. Uşaqlar cəsur, qorxubilməz, Vətən yolunda hər an ölümə hazır olan, ölümün gözünə dik baxan Həsənin hərbi geyimli şəklini tez-tez qarşılarına qoyub baxmaqdan doymaz, elə bil bu cansız şəkildən ilahi bir güc alar, ataları ilə fəxr edərdilər. Həsən də hərdən bir neçə günlüyə qəflətən sanki qeybə çəkilər və yenidən peyda olardı. Belə günlərdə uşaqlar qorxuya düşər, özlərinə yer tapmaz, o saat qaçıb Həsənin yerini analarından soruşar. Və onların sualı qarşısında aciz qalan, əslində, Həsənin müəmmalı yoxluğu barədə elə uşaqlar qədər bilən ana da özündən nəsə uydurub, qızlarını sakitləşdirməyə çalışar, amma özünün iç dünyası təlatümlü dəniz kimi sakitləşmək bilməzdi. Sanki ağıllarına nəsə damıbmış kimi ananın cavabından qane olmayan uşaqlar da çarəsiz qalıb atalarının yerini bir-bir baba və nənəsindən, əmilərindən, bibilərindən soruşardılar. Həsənin “qeybindən”x9d xəbərləri olmayan bu adamların da hərəsi bir söz deyib onları ovundurardı. Və beləcə qızlar atalarının tez-tez təkrarlanan müəmmalı səfərlərinə alışar, çarəsiz qalıb yolunu gözləyərdilər...

Bir payız günündə Rusiyaya getmək adı ilə Həsən yenə də yoxa çıxmışdı. Evdəkilərin belə şübhəli səfərlərdən ağılları bir şey kəsməsə də, büruzə vermir, hələlik səbr edirdilər. Amma bir həftədən sonra evə gələn Həsənin əlində bir torba narla qayıtması hər şeyi dəyişdi. Ailə onun budəfəki qayıdışından şübhəyə düşmüşdü. Deyəsən, müəmmalı səfərin sirri açılmaq üzrə idi. Həsən evə daxil olub mənalı-mənalı gülümsədi. Əlindəki torbanı yerə qoyaraq:
- Yaxşı nar gətirmişəm, götürün yeyin, - dedi.
Anası nar dolu iri torbanı yerdən qaldırdı. Sifəti birdən-birə dəyişdi. Deyəsən, torbanın ağırlığı onu çox üzmüşdü. Dedi:
- Ay bala, niyə özünə zəhmət verirsən, bu qədər narı şəllənib gətirmisən. Allaha şükür, hər yer narla doludur, lap elə gətirib qapıda da satırlar.
Həsənin dodaqları qeyri-ixtiyari qaçdı. - Ay ana, bu nar sən deyənlərdən deyil, dağ narıdır e, dağ narı, hələ bir dadına bax, gör necədir, elə bil bizim yerlərin havası dəyib, - deyə cavab verdi. Sonra da gülüb tərəddüdlə əlavə etdi:
- Bir də, bahasına pul verməmişəm ki...
Oğlunun cavabı ananı şübhəyə saldı. Həsən indiyə qədər gizli saxlasa da, ailə hardansa onun işğal olunmuş torpaqlarımıza gedib gəlməsindən xəbər tutmuşdu. Onun nar dolu əsgər torbası ilə qayıtması bu dəfə Gilas anada da, Fərman kişidə də Həsənin işğal ərazisinə səfəri ilə bağlı eşitdiklərinə tam yəqinlik yaratdı. Bu dəfə Həsən də Kəlbəcərdən gəldiyini gizlədə bilmədi. Valideynlərinin gizli səfərdən xəbər tutduğuna təəssüfləndi. Suçlu adamlar kimi başını aşağı salıb susdu. 

Həsən 2013-cu ilin 18 oktyabrında işğal altındakı doğma torpağına - Cəbrayıl rayonuna, böyüyüb, boya-başa çatdığı, təmas xəttində yerləşən Mehdili kəndinə də getmiş, videolent də çəkib gətirmişdi. Bu həmin tarix idi ki, Mehdili kəndi düz 20 il əvvəl, 1993-cü ilin oktyabrında işğal olunmuşdu. 
İndi azyaşlı nəvələrinin ”“ Özləm və Ləmanın gələcəyi Gilas ananı narahat edirdi. 
- Ay oğul, yaxşı bəs Cəbrayıla, Mehdiliyə getdiyini nə üçün bizdən gizlətmişdin? - deyə sonuncu dəfə görürmüş kimi kədərli-kədərli soruşdu.
Elə bil ananın bu sözlərinə bənd idilir. Həsənin həyat yoldaşı, anası və bacıları da Özləmlə Ləmanı göstərib bir anda dilləndilər:
- Heç olmasa bu körpələrə yazığın gəlsin, düşmən əlinə keçərsən. Səbrin olsun, müharibə başlayanda hamıdan öndə gedərsən. Bax, onda qabağını kəssək, nə desən haqqın var.
Həsən doğmalarının sifətinə çökən kədəri, anasının gözlərindən axıb yanağını isladan bir damla yaşı açıq-aşkar görüb dilini saxlamaq istəsə də, içini döyəcləyən vətən sevgisini susdura bilmədi. Sanki yalvarırmış kimi dilləndi:
- Ay ana, torpaq bizi gözləyir, mən getməyim, o getməsin, bəs kim getsin o yerlərə? Narahat olmayın, Allahın izni ilə o yerlərə qayıdacağıq.
Hamı bu sözləri təsəlli kimi qəbul etsə də, bayaqdan susub onun-bunun üzünə baxan balaca Özləmin gül çöhrəsinə təbəssüm qondu. Atasının cavabından qürurlandığı aşkar sezilirdi...  
“2014-cü il iyul ayının əvvəlində işğal altındakı Kəlbəcər rayonuna - dədə-baba torpaqlarını ziyarətə gedən üç azərbaycanlı mülki şəxs, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov erməni hərbçilərinin pusqusuna düşüblər. İyulun 11-i Kəlbəcər ərazisində baş verən hadisə zamanı birinci iki şəxs canlı olaraq girov götürülüb, Həsən Həsənov isə öldürülüb”x9d.
Bu xəbər ildırım sürəti ilə bütün ölkəyə yayılmışdı. “Həsən elə adamdır ki, asanlıqla ələ keçə bilməz, boş yerə özünü ölümə təslim etməz, burda nəsə bir iş var”x9d, - deyə doğmaları, onu tanıyanlar bu acı xəbərə inanmaq istəmirdilər. Amma qızı ilə birlikdə Kəlbəcərdə istirahət edən Ermənistan ordusunun mayorunun da həmin ərəfələrdə öldürülməsi haqda yayılan məlumat Həsənin şəhid olmasına çoxlarında inam yaratmağa başlamışdı...
Həsən şəhid olmuşdu. Onun canından çox sevdiyi Qarabağda dəfn edilmiş nəşi həmin ilin oktyabrında Bakıya gətirildi. Onu “Şəhidlər ölməz, Vətən bölünməz!”x9d şüarı altında son mənzilə yola salan izdihamın bir gözü balaca Özləmdə idi. On yaşlı Özləm həmişə qürur duyduğu atasının başdaşına söykənərək, izdihama qarışıb dövlət himnini oxuyurdu.

Nəriman Mahmud

Yazıçı-publisist


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin