İraq regional gərginliyin azaldılması və qarşılıqlı etimadın bərpası məqsədilə İran və Fars körfəzi ölkələrinin iştirakı ilə genişmiqyaslı məsləhətləşmələrin təşkil olunması təşəbbüsünü irəli sürüb.
Bizim.Media xəbər verir ki, bu təkliflə İraqın Xarici İşlər naziri Fuad Hüseyn Bağdadda iranlı həmkarı Abbas Araqçi ilə keçirdiyi görüş zamanı çıxış edib.
Nazirlərin birgə mətbuat konfransında verdiyi bəyanata görə, rəsmi Bağdad İraq, İran və Fars körfəzi dövlətlərinin daxil olacağı üçtərəfli (və çoxtərəfli) məsləhətləşmə formatının yaradılmasını hədəfləyir.
Fuad Hüseyn qeyd edib ki, bu format çərçivəsində keçiriləcək ilk rəsmi görüş birbaşa regionun kollektiv təhlükəsizlik məsələlərinə, naviqasiya sərbəstliyinin qorunmasına və genişmiqyaslı iqtisadi əməkdaşlıq layihələrinin inkişafına həsr oluna bilər.
Siyasi şərhçilər İraqın bu diplomatik gedişini son günlər Küveyt və Bəhreyndəki hərbi obyektlərin vurulması ilə pik həddə çatan ABŞ-İran gərginliyindən sonra regionu sabitləşdirmək və Bağdadın ənənəvi "neytral vasitəçi" rolunu gücləndirmək cəhdi kimi qiymətləndirirlər.



Bizim.Media




































































































