"Onun cəmiyyəti düşündürən problemləri dilə gətirməsi çox təqdir olunmalıdır"

Hazırda oxunan: "Onun cəmiyyəti düşündürən problemləri dilə gətirməsi çox təqdir olunmalıdır"

265913
Bu gün xalq yazıçısı Çingiz Abdullayevin 60 illik yubileyidir. Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində əsərlər əldən-ələ gəzən yazıçı görəsən, 10 milyon yox, 50 - 100 milyonluq bir xalqın yazıçısı olsaydı, dünayada daha çox tanınardımı, planetin ən ali mükafatını - Nobel ödülü ala bilərdimi?

Sualımızı professor Qulu Məhərrəmli və AYB katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid cavablandırıb.

Professor Q.Məhərrəmli Moderator.az-a açıqlamasında bildirdi ki, məsələ yazıçın mükafat almasında deyil və dünyada Nobel mükafatı almayan çoxlu istedadlı yazıçılar var:

“Məsələ yazıçının mükafat alıb-almamasında deyil. Dünyada çox istedadlı və populyar yazıçılar var ki, onlar Nobel mükafatını almayıblar. Bu gün Azərbaycan reallığında çox sevindirici haldır ki, Çingiz Abdullayev kimi yazıçı var. Ümumiyyətlə, dedektiv janr ciddi ədəbiyyat hesab olunmur, amma indi ölçülər, yanaşmalar dəyişir və bütün hallarda bu cür romanları oxuyan insanların sayı dünyada çoxdur. Ç.Abdullayevin yazıçı kimi bəzi əsərlərini oxumuşam, sadəcə olaraq onun ictimai mövqeyi və bir çox hallarda cəmiyyəti düşündürən problemləri dilə gətirməsini çox təqdir edirəm. Bir yazıçı kimi hesab edirəm ki, çox ciddi məhdudiyyətlərə baxmayaraq o, bu cür problemləri çıxışlarında deyir. Hesab edirəm ki, hər halda bu gün Çingiz Abdullayev adı çəkiləndə Azərbaycan adı da assosiativ olunur. Sevinirik ki, bizim ədəbiyyatımızın müasir dövrdə belə təmsilçisi var. Bununla qürur duymaq olar”.xa0


Rəşad Məcid isə saytımıza bildirdi ki, Nobel mükafatını almaq bizim yazıçıların haqqıdır, amma burda müəyyən kriteriyalar var:

“Çingiz Abdullayevlə həmişə zarafat edib deyirəm ki, kitabının tirajı 32 milyondur. Bir müddət sonra deyir 17 milyondur. Deyirəm ki, Çingiz müəllim, bəzən kitabının tirajları ayda bir milyon artır. Ç.Abdullayev ən çox tirajlı kitabları olan Azərbaycan yazıçısıdır. Onun xüsusən Rusiyada həddindən artıq kitabları populyar olub. Özü də ki, ildə bir neçə roman yazır, zəhmətkeşdir. Oxucuları, sevənləri var, orijinaldır. Ç,Abdullayevə heç 60 yaş vermək olmaz, gəncdir, enerjilidir, çıxışlarında da görürük ki, fərqli fikirlər söyləyir. Son illərdə onun Türkiyədə və Avropada kitabları çap olunur. Bir çox hallarda deyirəm ki, Çingiz müəllim, adamlar inanmır ki, biz bir yerdə işləyirik. Təəssüf ki, Nobel mükafatının kriteriyaları başqadır, amma biz çox istəyirik ki, Azərbaycandan da Nobel mükafatına layiq görülən yazıçı olsun. Əslinə qalanda bizim belə yazıçılarımız var. Bəzən on milyonluq xalq olduğumuza görə əsərlər lazımı şəkildə reaksiya doğurmur, onların tərcümə edilib dünyaya çatdırılması baxımından problemlər var. Lakin Nobel mükafatına layiqli əsərlər də var və Nobel mükafatının başlanğıcında Azərbaycan neftinin payı olduğuna görə haqqımızdır ki, yazıçılarımız o mükafata layiq görülsün. İnşallah bunu kim birinci alsa, tarixə düşəcək”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin