1972-ci ildə Veneranı tədqiq etmək məqsədilə kosmosa buraxılan sovet kosmik aparatı "Kosmos-482" 53 illik orbit dövründən sonra Yer atmosferinə daxil olub.
Bizim.Media “Spider's Web” nəşrinə istinadən xəbər verir ki, zondun atmosferə daxilolma vaxtı kosmik obyektlərin orbitdən çıxışını əvvəlcədən müəyyən edən yeni proqnozlaşdırma alqoritminin sınaqdan keçirilməsi üçün unikal materiala çevrilib.
"Kosmos-482" zondu 31 mart 1972-ci ildə buraxılsa da, raket pilləsindəki nasazlıq səbəbindən Yerin yaxın orbitində qalıb və yarım əsrdən çox kosmosda fırlandıqdan sonra tədricən orbitini itirərək geri qayıdıb.
Zond 10 may 2025-ci ildə İndoneziyanın Cakarta şəhərindən qərbdə, Hind okeanına düşüb.
Alimlər fiziki hesablamaları və süni intellekti birləşdirən yeni sistem vasitəsilə zondun düşmə vaxtını sınaqdan keçiriblər. Alqoritm atmosferə daxilolma vaxtını rəsmi elan olunan zamandan (UTC 6:24) cəmi 2 dəqiqə fərqlə — UTC 6:22 kimi müəyyən edib.
Aşağı Yer orbitində obyektlərin saniyədə 7,8 km sürətlə hərəkət etdiyini nəzərə alsaq, vaxt hesablamasındakı cəmi 1 dəqiqəlik xəta 460 kilometrlik məsafə fərqi deməkdir. Tədqiqatçılar bu modelin kosmik tullantıların Yerə düşəcəyi dəqiq nöqtəni əvvəlcədən bilmək üçün böyük əmək sərf ediblər.
Bizim.Media
































































































