Rusiya Silahlı Qüvvələrinin Ukraynanın qərb vilayətlərinə pilotsuz uçuş aparatları ilə təşkil etdiyi kütləvi hücumlar səbəbindən Polşa öz hərbi aviasiyasını səmaya qaldırıb və hava hücumundan müdafiə (HHM) sistemlərini tam hazır vəziyyətə gətirib.
Bizim.Media xəbər verir ki, əməliyyat zamanı təhlükəsizlik tədbiri olaraq Rjeşuv və Lyublin hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı hərbi təyyarələrin Polşanın hava məkanında profilaktik təhlükəsizlik rejimində fəaliyyət göstərdiyini, yerüstü HHM və radiolokasiya kəşfiyyat sistemlərinin isə yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini açıqlayıb.
Hərbi əməliyyatların keçirildiyi müddətdə ölkənin cənub-şərqində yerləşən Rjeşuv və Lyublin aeroportlarında uçuşlar təhlükəsizlik mülahizələri ilə müvəqqəti məhdudlaşdırılıb.
Komandanlıq həyata keçirilən addımların sırf önləyici xarakter daşıdığını və xüsusilə hücum təhlükəsinin mövcud olduğu Ukrayna ilə həmsərhəd bölgələrdə Polşanın hava məkanının təhlükəsizliyini təmin etməyə yönəldiyini vurğulayıb.
Polşa hərbçiləri sərhəddəki vəziyyəti yaxından izləməyə davam edirlər.
Bizim.Media






























































































