Böyük Britaniya Şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl ölkəyə qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimai tədbirdə iştirak ediblər.
Bizim.Media BBC-yə istinadla xəbər verir ki, Sasseks hersoqu və hersoginyası İngiltərənin Nottingem şəhərinə səfər ediblər.
Cütlük şəhərdə yüzlərlə insan tərəfindən alqışlarla qarşılanıb. Səfər çərçivəsində onların ilk dayanacağı “Community Recording Studio” (CRS) xeyriyyə təşkilatı olub. Şahzadə Harri uzun illərdir gənclərin yaradıcılıq və inkişaf imkanlarını dəstəkləyən bu təşkilatla əməkdaşlıq edir.
Cütlüyün gün ərzində daha iki təşkilata baş çəkməsi nəzərdə tutulub. Bunlar aztəminatlı ailələrə ərzaq yardımı göstərən “Himmah Hub” və gənclərin idman, təhsil və mentorluq proqramlarına çıxışını dəstəkləyən “Epic Partners” təşkilatlarıdır. Səfər zamanı Harri və Meqan onları qarşılamağa gələn insanlarla söhbət edib, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, 2020-ci ildə kral ailəsinin yüksəkvəzifəli üzvləri kimi fəaliyyətlərini dayandıraraq ABŞ-a köçən Harri və Meqan 2026-cı ilin avqustunda yenidən Böyük Britaniyaya qayıdıblar. Bununla belə, onların hazırkı ictimai fəaliyyətləri kral ailəsinin rəsmi tədbirləri hesab edilmir.


Bizim.Media


































































































