Azərbaycan təhsil startapı Taskool Özbəkistan məktəblərində istifadəyə verilir – FOTO

Hazırda oxunan: Azərbaycan təhsil startapı Taskool Özbəkistan məktəblərində istifadəyə verilir – FOTO

642350

Azərbaycanın innovativ təhsil startapı Taskool beynəlxalq genişlənmə istiqamətində növbəti mühüm addımını atıb.

Bizim.Media xəbər verir ki, Özbəkistanın Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən INNO Technopark ilə Taskool layihəsinin təsisçisi STEAMLAND Inc. arasında əməkdaşlıq memorandumu imzalanıb.

Əməkdaşlıq çərçivəsində Taskool platformasının Özbəkistan məktəblərində tətbiqinə başlanılır.

Platforma süni intellektə əsaslanan fərdiləşdirilmiş təhsil və inkişaf imkanları təqdim edərək şagirdlərin bilik, bacarıq və nailiyyətlərini əks etdirən rəqəmsal portfellər formalaşdırmasına şərait yaradır. Bu portfellər gələcəkdə universitetlərə qəbul prosesində şagirdlərin akademik və fərdi potensialını nümayiş etdirməyə kömək edəcək.

 

Eyni zamanda, Özbəkistan məktəblilərinin Taskool tərəfindən təşkil edilən beynəlxalq SciTech Olimpiadası və INNOVATOR Startap İnkubasiya Proqramı kimi təşəbbüslərdə iştirakı nəzərdə tutulur. Bu proqramlar gənclərin innovativ düşüncə, liderlik, yaradıcılıq, komanda işi və sahibkarlıq bacarıqlarının inkişafına xidmət edəcək.

 

Taskool-un təsisçisi, azərbaycanlı təhsil innovatoru Nəriman Qaraxaninin sözlərinə görə, layihənin əsas məqsədi təhsildə imkan bərabərliyini genişləndirmək və istedadları coğrafi məhdudiyyətlərdən asılı olmayaraq üzə çıxarmaqdır.

 

“İstedad hər yerdə istedaddır. İstedadlı gəncin paytaxtda, yoxsa ölkənin ən ucqar kəndində yaşaması onun gələcəyini müəyyən etməməlidir. Biz Taskool vasitəsilə hər bir şagirdə öz potensialını kəşf etmək, bacarıqlarını inkişaf etdirmək və nailiyyətlərini dünyaya nümayiş etdirmək imkanı yaratmaq istəyirik. Məqsədimiz təhsilə yeni yanaşma gətirmək və gələcəyin istedadlarını bu gündən üzə çıxarmaqdır”, – deyə Nəriman Qaraxani bildirib.


Özbəkistan tərəfinin yüksək səviyyədə maraq göstərdiyi bu təşəbbüs Azərbaycan təhsil texnologiyalarının beynəlxalq bazarlara çıxışı baxımından mühüm əhəmiyyət daşıyır. Taskool-un Özbəkistanda tətbiqi Azərbaycanın innovativ təhsil həllərinin beynəlxalq miqyasda genişlənməsində yeni mərhələnin başlanğıcıdır.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin