Azərbaycanın diplomatik imkanları və qlobal əməkdaşlığın yeni perspektivləri

Hazırda oxunan: Azərbaycanın diplomatik imkanları və qlobal əməkdaşlığın yeni perspektivləri

642358

Xəbər verdiyimiz kimi, bu gün Bakıda AQEM-in Dövlət və Hökumət Başçıları Şurasının 7-ci Zirvə Görüşü öz işinə başlayır. Artıq təşkilata üzv dövlətlərin rəsmiləri Azərbaycana gəliblər.

Asiya ilə Avropa arasında siyasi, iqtisadi və geostrateji əlaqələrin genişləndiyi, beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin formalaşdığı bir dövrdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) xüsusi əhəmiyyət daşıyır. Bu platforma Asiya dövlətləri arasında etimadın möhkəmləndirilməsi, təhlükəsizlik məsələlərinin müzakirəsi və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm diplomatik məkan rolunu oynayır.

AQEM Dövlət və Hökumət Başçıları Şurası isə təşkilatın siyasi gündəliyinin müəyyənləşdirilməsi, üzv dövlətlər arasında ortaq mövqelərin formalaşdırılması və regional problemlərin müzakirəsi baxımından əhəmiyyətli platformadır. Azərbaycan üçün bu format yalnız beynəlxalq tədbirlərdə iştirak deyil, həm də milli maraqların müdafiəsi, nəqliyyat və enerji imkanlarının genişləndirilməsi, eləcə də ölkənin beynəlxalq diplomatik əlaqələrinin inkişaf etdirilməsi baxımından əlavə imkanlar yaradır.

Azərbaycanın təşkilata sədrliyi və yeni mərhələnin başlanğıcı

Azərbaycanın sədrliyi ilə təşkil olunan sammit Asiya dövlətlərinin təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları və institusional inkişaf məsələlərinin müzakirəsi üçün mühüm əhəmiyyət daşıyır.

Azərbaycan 2024–2026-cı illərdə AQEM-ə sədrlik edib. Təşkilatın rəsmi məlumatlarına əsasən, Bakı sammitinə hazırlıq çərçivəsində üzv dövlətlər arasında əməkdaşlığın gələcək istiqamətləri və təşkilati məsələlər üzrə sənəd layihələri razılaşdırılıb. Üstəlik, Azərbaycanın sədrliyinin 2026–2028-ci illərdə də davam etdirilməsi məsələsi də gündəmə gəlib.

Bu faktlar sammitin əhəmiyyətini iki istiqamətdə ön plana çıxarır.

Birincisi, Azərbaycan regional dialoqun təşkilatçısı kimi hər zaman uğurla çıxış edir. Digər tərəfdən isə AQEM-in gələcək fəaliyyətinin formalaşmasında Azərbaycan daha uzunmüddətli rol əldə etmək imkanı qazanır.

AQEM nədir və onun əsas məqsədləri hansılardır?

1992-ci ildə irəli sürülmüş AQEM təşəbbüsü Asiyada təhlükəsizlik və etimad mühitinin formalaşdırılmasına yönəlib. Təşkilatın ilk sammiti 2002-ci ildə Qazaxıstanın Almatı şəhərində keçirilib. Azərbaycan da qurumun təsisçilərindən biridir.

AQEM-in əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

 -  Siyasi və hərbi təhlükəsizlik. Yəni dövlətlər arasında etimadın artırılması, gərginliklərin azaldılması və münaqişələrin dinc yolla həllinə şərait yaradılması.

 -  İqtisadi əməkdaşlıq. Ticarət əlaqələrinin, investisiyaların və regional iqtisadi inteqrasiyanın inkişafı.

-  Nəqliyyat və logistika. Asiya ölkələri arasında təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin təşviqi.

-  Ekologiya və davamlı inkişaf: İqlim dəyişiklikləri, ekoloji təhlükəsizlik və ortaq problemlərlə bağlı əməkdaşlıq.

-  Humanitar və rəqəmsal əməkdaşlıq: təhsil, mədəniyyət, informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində əlaqələrin genişləndirilməsi.

Təşkilatın mühüm xüsusiyyətlərindən biri qərarların konsensus əsasında qəbul edilməsidir. Bu, bütün üzvlərin mövqeyinin nəzərə alınmasına imkan versə də, ciddi fikir ayrılıqları yarandıqda qərarların razılaşdırılmasını çətinləşdirə bilər.

Azərbaycanın geosiyasi mövqeyi və AQEM-in əhəmiyyəti

Məlumdur ki, Azərbaycan çox mühüm geocağrafi mövqeyə malikdir. Bu da Azərbaycanın AQEM-ə sədrliyini daha cəlbedici edir. Əslində Azərbaycanın təşkilat üçün əhəmiyyətini ölkənin coğrafi mövqeyindən və xarici siyasət prioritetlərindən ayrı nəzərdən keçirmək mümkün deyil. Azərbaycan Xəzər hövzəsi ilə Qara dəniz regionu arasında yerləşir və Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin qurulmasında iştirak edir.

Bu baxımdan AQEM çərçivəsində əməkdaşlığın genişlənməsi Azərbaycanın üç əsas marağına xidmət edə bilər.

Birincisi, Orta Dəhlizin inkişafıdır.

Çin və Mərkəzi Asiya ölkələrindən Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan marşrut beynəlxalq yükdaşımalar baxımından əhəmiyyətlidir. AQEM çərçivəsində nəqliyyat bağlantılarının təhlükəsizliyi, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal sənədləşmə və limanlar arasında koordinasiya məsələlərinin müzakirəsi bu marşrutun səmərəliliyini artıra bilər. Azərbaycanın AQEM-də təhlükəsiz və səmərəli nəqliyyat dəhlizləri üzrə koordinasiya fəaliyyəti də bu istiqamətlə üst-üstə düşür.

İkincisi, iqtisadi tərəfdaşlıqların şaxələndirilməsidir.

Azərbaycan yalnız enerji ixracatçısı kimi deyil, həm də tranzit, logistika, sənaye və xidmətlər sahəsində regional tərəfdaş kimi mövqeyini genişləndirməyə çalışır. AQEM üzvləri ilə iqtisadi əlaqələrin dərinləşməsi yeni bazarlara çıxış, qarşılıqlı investisiyalar və qeyri-neft sektorunun inkişafı üçün imkanlar yarada bilər.

Üçüncüsü, diplomatik əlaqələrin genişləndirilməsidir.

AQEM-də müxtəlif siyasi və iqtisadi maraqlara malik dövlətlərin iştirakı Azərbaycan üçün çoxşaxəli diplomatiyanı inkişaf etdirmək imkanıdır. Eyni platformada müxtəlif regional güclərlə dialoq aparmaq, ikitərəfli görüşlər keçirmək və ortaq məsələlər üzrə əməkdaşlıq qurmaq ölkənin xarici siyasət əlaqələrini genişləndirə bilər.

Sammitin əsas sınağı - təhlükəsizlik və etimad

Asiya beynəlxalq siyasətin ən mürəkkəb regionlarından biridir. Burada böyük dövlətlər arasında rəqabət, regional münaqişələr, sərhəd problemləri və müxtəlif təhlükəsizlik yanaşmaları mövcuddur. Ona görə də AQEM-in üzvləri arasında da bütün məsələlər üzrə vahid mövqe yoxdur.

Buna görə də təşkilatın əhəmiyyətini yalnız keçirilən görüşlərin sayı və qəbul edilən bəyanatlarla ölçmək düzgün olmazdı. Əsas məsələ siyasi dialoqun konkret əməkdaşlıq mexanizmlərinə çevrilməsidir.

AQEM-in konsensus prinsipi dövlətlərin suveren bərabərliyini qorumağa xidmət edir. Bununla yanaşı, ciddi fikir ayrılıqları olan məsələlərdə ümumi qərara gəlmək çətinləşə bilər. Təşkilatın fəaliyyətinin güclənməsi üçün üzv dövlətlərin razılaşdıqları sahələrdə konkret layihələrə üstünlük verməsi vacibdir.

Azərbaycan üçün bu, xüsusilə nəqliyyat təhlükəsizliyi, sərhədlərarası ticarət, kibertəhlükəsizlik, enerji infrastrukturu və fövqəladə hallara hazırlıq sahələrində əməkdaşlığın inkişaf etdirilməsi deməkdir.

AQEM-in qarşısındakı əsas hədəf

AQEM-in gündəliyində duran mühüm məsələlərdən biri onun institusional transformasiyası, yəni daha güclü hüquqi və təşkilati əsaslara malik beynəlxalq quruma çevrilməsidir. Bu istiqamətdə təşkilatın nizamnaməsinin hazırlanması və üzv dövlətlərin mövqelərinin uzlaşdırılması üzərində iş aparılır. Bakı sammitinə hazırlıq prosesində də nizamnamə layihəsi əsas müzakirə mövzularından biri olub.

Belə bir transformasiya uğurla həyata keçirilərsə, təşkilatın fəaliyyətinin davamlılığı, koordinasiya imkanları və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı güclənə bilər. Lakin bunun üçün yalnız yeni hüquqi sənədlərin qəbulu kifayət deyil. Maliyyələşmə, katibliyin imkanları, qərarların icrasına nəzarət və üzv dövlətlərin öhdəliklərə əməl etməsi də mühüm əhəmiyyət daşıyır.

Azərbaycan sədr ölkə kimi bu prosesdə dialoqun təşkilinə və ortaq mövqelərin formalaşdırılmasına töhfə verə bilər. Bununla belə, transformasiyanın nəticəsi bütün üzv dövlətlərin razılığından və qəbul edilən qərarların praktik icrasından asılı olacaq.

Bakı sammitindən gözləntilər?

Sammitin Azərbaycan üçün nəticələrini bir neçə istiqamət üzrə qiymətləndirmək mümkündür. İlk növbədə onu qeyd etməliyik ki, sammitin keçirilməsi böyük uğurdur. Çünki sonuncu sammit 2022-ci ilin oktyabrında Qazaxıstanın paytaxtı Astanada keçirilib. 4 ildən sonra Asiya dövlətləri liderləri ilə yenidən siyasi dialoqun təşkili böyük nailiyyətdir.

Nəzərə alaq ki, son 4 ildə Avrasiyada yeni geosiyasi reallıqlar ortaya çıxıb. Bu reallıqlar nəqliyyat, logistika, ticarət və investisiya sahələrində yeni razılaşmalar üçün imkanlar yaradır.

Digər tərəfdən, bu sammit AQEM-in gələcək fəaliyyətinin hüquqi və institusional əsaslarının möhkəmləndirilməsi üçün mühüm hadisə ola bilər.

Bu da təbii ki, Asiyada etimad quruculuğu və təhlükəsizlik məsələlərində ortaq yanaşmaların inkişaf etdirilməsinə səbəb ola bilər.

Bütün hallarda AQEM Dövlət və Hökumət Başçıları Şurasının Bakıda keçirilən 7-ci Zirvə Görüşü Azərbaycanın regional diplomatiyası və Asiya ilə Avropa arasında əməkdaşlıq əlaqələri baxımından mühüm hadisədir.

Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat imkanları və müxtəlif dövlətlərlə qurduğu diplomatik əlaqələr bu platformadan faydalanmaq üçün müəyyən üstünlüklər yaradır.

Nəzərə alaq ki, nəqliyyat dəhlizlərinin inkişafı, iqtisadi əlaqələrin dərinləşdirilməsi, təhlükəsizlik sahəsində praktiki əməkdaşlıq və AQEM-in institusional gücləndirilməsi Azərbaycanın maraqları ilə uzlaşan istiqamətlərdir.

Ən nəhayət, Bakının ev sahibliyi beynəlxalq görüşlərin keçirildiyi məkan olduğunu bir daha təsdiqləməklə yanaşı həm də Azərbaycanı regional əməkdaşlığın təşviqinə töhfə verən ölkə kimi ön plana çıxarır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin