Azərbaycanda kənd təsərrüfatında istifadə olunan suyun həcmi ölçüləcək. Bunu mətbuata açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O bildirib ki, Nazirlik üçün kənd təsərrüfatı ilə bağlı su təminatına dair əsas bir neçə istiqamət var. O istiqamətlərdən biri də müasir suvarma sistemlərində istifadə olunan su həcmlərinin ölçülə bilən olmasıdır.
"Ölkədə istifadə olunan suyun 70 %-i və hətta daha çoxu kənd təsərrüfatında istifadə olunur. Biz ailə təsərrüfatlarında, ev təsərrüfatlarında və sənayedə istifadə olunan suyun 30 %-ni ölçürük, amma kənd təsərrüfatında istifadə olunan suyun birbaşa sahədə, fermer təsərrüfatında nə qədər olduğunu ölçmürük. Ümumiyyətlə, bu infrastruktur inkişaf etdikcə su təminatı yaxşılaşacaq".
Bəs suyun həcmi nə zamandan və hansı sistemlə ölçüləcək? Suyun həcminin ölçülməsi fermerlərin xərclərinə təsir edəcək?
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə su ehtiyatlarının uçotu indiyədək mövcud ölçmə vasitələri, müşahidələr, su təsərrüfatı balansı və müvafiq hesabatlar əsasında həyata keçirilib.
Qeyd edilib ki, bununla yanaşı, suyun mənbədən götürülməsindən son istehlakçıyadək bütün mərhələlər üzrə dəqiq uçotun təmin edilməsi, ölçmə imkanlarının genişləndirilməsi və su itkilərinin azaldılması istiqamətində təkmilləşdirmələrə ehtiyac qalmaqdadır:
“Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya (2024–2040)” bu sahədə idarəetmənin müasirləşdirilməsini, su ehtiyatlarının səmərəli istifadəsini və uçot sisteminin təkmilləşdirilməsini prioritet vəzifələr kimi müəyyən edir. Strategiyaya uyğun olaraq, qarşıdakı dövrdə suyun uçotunun daha dəqiq və əhatəli aparılması, sayğaclaşdırmanın genişləndirilməsi, elektron informasiya sistemlərinin təkmilləşdirilməsi və məlumatların vahid sistemdə inteqrasiyası istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.
Məlumatda suyun həcminin ölçülməsi və uçotunun təkmilləşdirilməsnin mərhələli şəkildə aparılacağı vurğulanıb:
“Ölçmə müasir ölçmə vasitələrinin tətbiqi və mövcud infrastrukturun imkanları nəzərə alınmaqla həyata keçiriləcək. Bu prosesdə suölçmə sistemlərinin genişləndirilməsi və rəqəmsal uçot mexanizmlərinin tətbiqi əsas istiqamətlərdəndir. Suyun həcminin ölçülməsində əsas məqsəd sudan istifadənin şəffaf və dəqiq uçotunu təmin etmək, resurslardan səmərəli istifadəni təşviq etməkdir”.
Bunun fermerlərin xərclərinə tüsiri məsələsinə gəldikdə isə qurumdan bildirilib ki, mümkün təsirlər qüvvədə olan qanunvericilik, tətbiq ediləcək mexanizmlər və müəyyənləşdiriləcək şərtlər çərçivəsində qiymətləndiriləcək. Bu istiqamətdə kənd təsərrüfatı istehsalçılarının maraqlarının nəzərə alınması mühüm əhəmiyyət daşıyır.
Günay Şahmar, Bizim.Media



































































































