İqlim dəyişikliyi, istilik dalğaları və meşə yanğınlarının artması havanın keyfiyyətini daha da pisləşdirir və insan sağlamlığı üçün riskləri artırır.
Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (WMO) yeni hesabatında bildirilib.
Hesabatda qeyd olunur ki, ekstremal meşə yanğınları nəticəsində yaranan tüstü ilə çirklənmə son onilliklərdə qlobal miqyasda kəskin artıb.
Araşdırmalara əsasən, ekstremal tüstü hadisələri 1990-cı illərdən bəri təxminən üç dəfə çoxalıb və 2010–2018-ci illərdə ildə təxminən 100 min əlavə ölümə səbəb olduğu düşünülür.
WMO həmçinin xəbərdarlıq edir ki, istilik dalğaları yer səviyyəsində ozon çirklənməsini gücləndirir. Yüksək temperatur, günəş radiasiyası və atmosferdə durğunluq ozonun yaranması üçün əlverişli şərait yaradır.
Bu isə tənəffüs xəstəlikləri və vaxtından əvvəl ölüm riskini artırır.
Hesabatda havanın çirklənməsinin əsas göstəricilərindən olan PM2.5 hissəciklərinin 2025-ci ildə meşə yanğınlarının artması səbəbindən Kanadanın şimalında, Rusiyanın bəzi ərazilərində və Afrikanın qərb-mərkəzi hissəsində uzunmüddətli orta göstəricidən yüksək olduğu qeyd edilir.
Fəridə, Bizim.Media




































































































