Avropada iqlim dəyişikliyi fonunda daha tez-tez və dağıdıcı xarakter alan meşə yanğınları ilə mübarizə üçün maraqlı və ekoloji yanaşma tətbiq edilir. Bir sıra ölkələr yanğın riskini azaltmaq məqsədilə keçi və qoyun sürülərinin meşəlik ərazilərdə otarılmasını təşviq etməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Bildirilib ki, ənənəvi çobanlıq fəaliyyətinin yenidən canlandırılması meşələrdə toplanan quru otların, kol-kosun və digər tezalışan bitki örtüyünün təbii yolla təmizlənməsinə kömək edir. Qeyd edilir ki, bu üsul yanğınların sürətlə yayılmasının qarşısını almaqda effektiv rol oynaya bilər.
Son illərdə kənd əhalisinin azalması və heyvandarlığın zəifləməsi nəticəsində meşələrdə yanacaq rolunu oynayan quru bitki örtüyünün həcmi xeyli artıb. Bu isə xüsusilə Aralıq dənizi ölkələrində meşə yanğınlarının daha geniş ərazilərə yayılmasına şərait yaradır.
Keçi və qoyunlar tikanlı kolları, quru otları və alçaq bitkiləri yeyərək, yanğının yayılmasını sürətləndirən bitki örtüyünü azaldır. Nəticədə təbii yanğın zolaqları formalaşır və alovun nəzarət altına alınması asanlaşır.
Bu məqsədlə İspaniya, Fransa və Portuqaliya kimi ölkələrdə yerli hakimiyyət orqanları və meşə təsərrüfatı qurumları çobanlara maliyyə dəstəyi ayırır, yüksək riskli ərazilərdə keçi, qoyun və digər yerli mal-qara sürülərinin otarılmasını təşviq edirlər.
Bildirilir ki, bu yanaşma ağır texnika ilə aparılan təmizləmə işlərindən daha ucuz və ətraf mühit üçün daha təhlükəsiz hesab olunur.
Bununla yanaşı, heyvanların otarılması təkbaşına kifayət etmir. Yanğın riskinin effektiv şəkildə azaldılması üçün bu üsulun nəzarətli yandırma, mexaniki təmizləmə və düzgün torpaq idarəçiliyi ilə birlikdə tətbiq olunması tövsiyə edilir.
Avropa bu yay son illərin ən iri meşə yanğınları ilə üz-üzə qalıb. Fransa və İspaniyada yüz minlərlə insan təhlükəsizlik məqsədilə təxliyə edilib.
Bizim.Media
































































































