Fransanın cənubunda davam edən genişmiqyaslı meşə yanğınları məşhur Hollivud aktyoru Corc Kluni və həyat yoldaşı Amal Klunini yaşadıqları malikanəni təcili tərk etməyə məcbur edib.
Bizim.Media xəbər verir ki, 65 yaşlı “Oskar” mükafatçısı Corc Kluni, 48 yaşlı hüquq müdafiəçisi Amal Kluni və onların doqquz yaşlı əkiz övladları Aleksandr və Ella Fransanın Provans–Alp–Lazur Sahili bölgəsində yerləşən Brinyol şəhərində yaşayırlar.
Aktyor Brinyol meri Didye Bremona ünvanladığı məktubda ailəsi ilə birlikdə təxliyə olunduğunu bildirib. Bu məlumat Corc Kluninin nümayəndəsi tərəfindən də təsdiqlənib.
Kluni məktubunda bildirib ki, evlərinin yanğından salamat çıxıb-çıxmayacağını bilmirlər. Bununla yanaşı, o və həyat yoldaşı Amal Brinyolun bərpasına dəstək verməyə hazır olduqlarını vurğulayıblar.
Brinyol meri Didye Bremon sosial şəbəkədə paylaşdığı hava görüntülərində alovun şəhərə yaxınlaşdığını göstərib. Onun sözlərinə görə, küləyin zəifləməsi nəticəsində yanğının sürəti azalsa da, təhlükəli ərazilər üçün təxliyə qərarı qüvvədə qalır.
Qeyd edək ki, Avropa İttifaqının fövqəladə halların idarə olunması üzrə rəsmiləri yaxın günlərdə meşə yanğınlarının Avropanın daha geniş ərazilərinə yayıla biləcəyi barədə xəbərdarlıq ediblər.
Proqnozlara görə, ən yüksək yanğın riski Yunanıstan, İtaliya və Mərkəzi Avropa ölkələrində müşahidə olunacaq.
Bizim.Media






































































































