ABŞ-ın Kaliforniya ştatında bir ev sahibi evdən işləyən kirayəçilərdən ayda əlavə 200 dollar tələb etməklə mübahisəyə səbəb olub. Çoxları bunun ədalətsiz olduğunu iddia edib, digərləri isə əlavə kirayə haqqını dəstəkləyib.
Bizim.Media xəbər verir ki, San-Fransisko ərazisində 50 kvadratmetrlik kiçik bir ayrıca mənzil elektrik enerjisi, su, istilik, kondisioner və internet daxil olmaqla ayda 3250 dollara kirayəyə verilib.
Lakin evdən işləyənlər üçün əlavə ödəniş tələb olunub. Bu vəziyyət isə mübahisələrə səbəb olub.
Bir nəfər sosial şəbəkədə əmlakın xərclərini ətraflı şəkildə göstərən siyahıya şərh verərək yazıb:
"Ayda 3250 dollar ödədiyiniz yerdən istifadə etməyinizə ehtiyac yoxdur, bunu bilmirsiniz?!" Başqa bir nəfər isə qeyd edib:
"Yəqin ki, sadəcə daha çox pul istəyirlər və guya artırılmış kommunal xərcləri bəhanə kimi istifadə edirlər. Xərclər 200 dollardan çox artmayacaq, amma nə isə. Daha çox pul qoparmağın hər yoluna əl atırlar".
Bəzi ev sahibləri arqumentin tərəfini tutaraq kirayəçilərin ofisə getmək əvəzinə evdən işləyərkən daha çox elektrik enerjisi, su və qazdan istifadə edəcəklərini iddia ediblər. Sosial media istifadəçilərindən biri bunu təsdiqləyərək yazıb: "Evdən işləmək mütləq şəkildə kommunla xərcləri artırır".
Başqa bir nəfər deyib: "Bəli, çox bahadır, yeganə yaxşı tərəfi odur ki, su və elektrik enerjisi xərcləri kirayə haqqına daxildir. Çox da pis görünmür. Kondisioneri/qızdırıcını bütün günü işlədib işıqları yandıra bilərsiniz".
Bu müzakirələrdən sonra reklam yığışdırılıb. Ya icarəyə verilib, ya da elandan çıxarılıb.
"The Independent" qəzetinin məlumatına görə, bu "əlavə ödəniş" ABŞ-da hələ çox geniş yayılmayıb. Çikaqoda işləyən Kristofer Uilyams adlı şəxs xəbərə təəccüblə reaksiya verərək deyib: "Evdən işləmək üçün ödəniş? Xeyr, mən bu barədə heç vaxt eşitməmişəm".
Başqa bir şəxs isə ev sahibinin kirayəçinin evdən işlədiyini necə biləcəyini soruşub.


Bizim.Media

































































































