“Artıq hər bir istəyi yerinə yetirəcək “cin” yaratmağa yaxınıq, lakin süni intellekt texnologiyası “avtoritarlıq” yaratmaq əvəzinə, bəşəriyyətə fayda verməli və geniş şəkildə əlçatan olmalıdır”.
Bizim.Media ABC telekanalına istinadla xəbər verir ki, bunu ChatGPT süni intellekt çatbotunu hazırlayan “OpenAI” şirkətinin baş direktoru Sem Altman podkast proqramında AI texnologiyasının hazırkı vəziyyəti və gələcəyi ilə bağlı qiymətləndirməni təqdim edərkən deyib.
Altman süni intellektlə bağlı təhlükəsizlik məsələləri və peşələrin gələcəyi kimi əhəmiyyətli qeyri-müəyyənliyin davam etdiyini, ən böyük qorxunun isə dünyada “AI avtoritarlığının” ortaya çıxması olduğunu bildirib.
Baş direktor bir qrup insan və ya şirkətin süni intellektlə “dünyanı idarə etməsi” ehtimalının çox pis olacağını vurğulayıb və əlavə edib ki, əsas məqsəd bu texnologiyanı son dərəcə geniş yayılmış, ucuz, güclü və hər kəs üçün əlçatan etməkdir. Onun sözlərinə görə, problemin həlli yolu insanların süni intellektə geniş çıxışını təmin etmək vasitəsilə onların rifahını yaxşılaşdırmaqdır.
Altman qeyd edib ki, süni intellekt sadəcə insanları təqlid etmək funksiyasından kənara çıxıb və gözlənilməz şəkildə inkişaf edə biləcəyi mərhələyə çatıb. O, 10 il əvvəl xəyal hesab olunanların indi dünya üçün çox müsbət nəticələrə gətirib çıxaracağını iddia edib. Bununla belə, baş direktor bəzi şirkətlərin vizyonunun çox qorxulu olduğunu bildirib və onların həyata keçməsinin qarşısını almaq istiqamətində çalışacağına söz verib.
Baş direktor “OpenAI” və bütün süni intellekt sənayesinin üzləşdiyi marketinq problemlərinə toxunaraq bildirib:
“Birincisi, hər bir istəyi yerinə yetirəcək bir “cin yaratmağa” yaxınıq. İkincisi, həmin istəklərin bəşəriyyətə böyük fayda gətirməsini və daha çox insanın arzularını yerinə yetirməsini təmin etməliyik”.
Bizim.Media

































































































