ABŞ-da boşanma prosesində olan məşhur bloqer Sara Gilson sosial şəbəkədə keçmiş əri barədə pedofiliya ittihamları səsləndirdikdən cəmi 12 gün sonra öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb.
Belə ki, 43 yaşlı Sara Gilson iyulun 11-də TikTok-da paylaşdığı videoda keçmiş əri Ceremaya "Şon" Daffini pedofiliyada ittiham edib.
O, paylaşımında "Netflix nə vaxtsa keçmiş ərim haqqında sənədli film çəkəcəyi günə hazırlaşıram. Məlum olub ki, o, pedofildir" sözlərini yazıb və əlavə edib ki, "Kaş ki, bu zarafat olaydı".
İyulun 23-də axşam saatlarında Oklahoma ştatının Ovasso şəhərində Sara Gilson və 48 yaşlı əri evdə güllə yaraları ilə ölü tapılıb. Polis hadisə yerinə həmin evdə yaşayan uşağın təcili yardım xidmətinə zəng etməsindən sonra gəlib.
Hüquq-mühafizə orqanlarının ilkin araşdırmasına əsasən, Ceremaya Daffi əvvəlcə həyat yoldaşını güllələyib, daha sonra isə intihar edib.
İstintaq zamanı məlum olub ki, Sara Gilson daha əvvəl də ərindən qorunmaq üçün məhkəməyə müraciət edib. O, iyunun 10-da fövqəladə mühafizə orderi aldıraraq ərinin evi tərk etməsinə və ona yaxınlaşmasının qadağan edilməsinə nail olmuşdu. Sonradan həmin qərarın müddəti avqustun 24-dək uzadılmışdı.
Həmin gün Daffiyə qarşı başqa bir məhkəmə qadağası da çıxarılıb. Yerli sakin onun azyaşlı qızına qarşı qeyri-etik hərəkətlər etdiyini bildirərək şikayət edib. Məhkəmə sənədlərinə əsasən, Daffi məşqçisi olduğu basketbol komandasında çıxış edən 15 yaşlı qızı öpüb və ona toxunub. Yeniyetmə daha sonra onun mesajlar yazdığını, otel otağına çağırdığını və susması üçün pul təklif etdiyini bildirib.
Bizim.Media






































































































