Heminqueyin sevimli kokteyli ilə bağlı məşhur mif ifşa olundu

Hazırda oxunan: Heminqueyin sevimli kokteyli ilə bağlı məşhur mif ifşa olundu

626868

Amerikalı yazıçı Ernest Heminqueyin ən sevimli kokteylinin "Moxito" olması ilə bağlı illərdir yayılan məlumatın həqiqəti əks etdirmədiyi məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə The Post nəşri yazıçının bioqraflarına istinadən məlumat yayıb.

Heminquey yaradıcılığının tədqiqatçısı və Ken Börnsün sənədli filminin elmi məsləhətçisi Mark Ott bildirib ki, yazıçının "Moxito"ya xüsusi rəğbət bəsləməsinə dair etibarlı tarixi sübut yoxdur.

Araşdırmalara görə, bu mifin əsası Havanadakı məşhur La Bodeguita del Medio barının divarında Heminqueyə aid edildiyi iddia olunan "Mənim moxitom "La Bodeguita"da, daykirim isə "Floridita"dadır" sözləri ilə qoyulub. Lakin tarixçilər həmin yazının həqiqiliyini və barın o dövrdə indiki formada fəaliyyət göstərməsini şübhə altına alırlar.
 

Bunun əksinə olaraq, Heminqueyin Daykiri (Daiquiri) kokteylini sevdiyi çoxsaylı mənbələrlə təsdiqlənib. Yazıçı Havananın məşhur El Floridita barının daimi müştərisi olub və məhz onun üçün şəkərsiz, ikiqat romla hazırlanan Papa Doble adlı xüsusi daykiri resepti yaradılıb.


Məqalədə qeyd olunur ki, Heminquey şəkərli içkilərdən sağlamlıq səbəbilə uzaq dururdu. Onun şəkərli diabetdən əziyyət çəkməsi səbəbindən şəkər əlavə olunan kokteyllərdən imtina etdiyi bildirilir.

Tədqiqatçılar yazıçının məktublarında, müasirlərinin xatirələrində və çoxsaylı fotoşəkillərində onun daha çox daykiri, pivə, martini, şərab və ya şotland viskisi ilə görüntüləndiyini vurğulayırlar. Mark Ott bildirib ki, Heminqueyin əlində moxito olan bir dənə də olsun fotoşəkilə rast gəlməyib.

Araşdırma müəlliflərinin fikrincə, əgər Heminqueyin ən sevimli güclü içkisini göstərmək lazım gəlsə, bu, böyük ehtimalla şotland viskisi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin