Adolf Hitlerin ölümündən 80 ildən artıq vaxt keçib. Lakin o bir çox cəhətləri ilə hələ də müəmma olaraq qalır. Həmin müəmmalardan biri də Hitlerin milli kimliyidir.
Dəhşətli bir ideologiyanın yaradıcısı, “ari irq”in yaradıcılarından biri və ən nəhayət "aşağı" xalqlara nifrət üzərində hakimiyyət quran birisinin milli kimliyi hər kəs üçün maraqlıdır.
Özünü ari xalqının nümayəndəsi sayan Hitler alman idimi?
Nəzərə alaq ki, nasist liderin əcdadlarının yəhudi olması barədə şayiələr hələ onun sağlığında yaranıb və tez-tez qeyd edilirdi. Sənədlərə görə o, Şiklgruber şəcərəsindən olub. Lakin ən çox şübhə doğuran Adolfun atasıdır. Bu vaxtadək dəqiq bilinmir ki, sənəddə ata kimi qeyd olunan Adolfun genetik atasıdır, yoxsa atalığıdır.
Yazılı mənbələrə görə Adolfun atası Alois Hitler Avstriyanın kiçik Strones kəndində anadan olub. Maraqlıdır ki, Aloisin doğum haqqında şəhadətnaməsindəki "ata" sahəsi boş olub və heç bir qeyd edilməyib. Ona görə də Aloisin bioloji atasının kimliyi bu günə qədər naməlum olaraq qalır.
Bu fakt Adolf Hitler üçün ömürlük emosional ağrı və paranoya mənbəyinə çevrilib. Hitleri tədqiq edənlər deyir ki, onun faşist olması bəlkə də qan təmizliyinə olan vəsvəsəsindən, "çirkli qarışığa" olan nifrətdən qaynaqlanırdı. O, öz yeni ideologiyası ilə öz mənşəyi ilə bağlı şübhələrini susdurmaq istəyirdi.
Adolfun nənəsi Maria Annanın dəyirmançı Johann Georg Hiedler ilə evləndiyi də məlumdur. Lakin Aloisin əsl atasının Yohann olması da bir müəmmadı. Maraqlıdır ki, 14 yaşılna çatanda Alois Şiklgruber soyadından imtina edib Hiedler soyadını götürür.
Bəs Hiedler niyə Hitler oldu?
Tarixçilər bunun sadə bir kargüzarlıq səhvinin və ya evfoniyanın qəsdən yazılışının nəticəsi olduğuna inanırlar. Hər iki halda da, Alois Schicklgruber Alois Hitler oldu. Nəhayət 1889-cu ildə Hitler ailəsində bir uşaq dünyaya gəlir. Ona Adolf adı verilir. Maraqlıdır ki, Adolf da sonradan Siklgruber soyadını qəbul etməyib.
Hətta Adolf mütləq gücü ələ aldıqdan sonra bütün mənbələrdən Siklgruber soyadını sildirib.
Yəhudi kökləri haqqında mif
Hitlerin yəhudi mənşəyi haqqında şayiələrin əsas mənbəyi Fürerin şəxsi vəkili və daha sonra işğal olunmuş Polşanın general-qubernatoru olmuş Hans Frankın xatirələri idi. Nürnberq məhkəməsindən sonra edam edilən Frank, "Dar ağacı ilə üzləşmək" kitabında 1930-cu ildə Hitlerin tapşırığı ilə əcdadları məsələsini araşdırdığını iddia edirdi.
Frankın sözlərinə görə, Maria Anna Şiklgruber Avstriyanın Qrats şəhərində yəhudi Frankenberger ailəsinin evində aşpaz və ya qulluqçu kimi çalışır və ev sahiblərinin 19 yaşlı oğlundan hamilə qalır.
İddialara görə, ailə hətta ona aliment də ödəyirdi. Bu versiya təəccüblü dərəcədə inandırıcı idi. Hitlerin əleyhdarları bu versiyanı həvəslə qəbul edirdilər. Bununla onu nüfuzdan salmağa və SS üzvlüyünü şübhə altına almağa çalışırdılar.
Axı, bir mizantrop üçün onun "aşağı" irqə mənsub olmasının sübutundan daha alçaldıcı nə ola bilər?!
Müasir tarixi tədqiqatlar demək olar ki, yekdilliklə Frankın iddialarını rədd edir.
Əvvəla, bu versiyada çoxsaylı coğrafi və xronoloji uyğunsuzluqlar var. Araşdırmalar göstərir ki, Maria Şiklgruber Aloisin doğulmasından əvvəlki dövrdə Qratsda ola bilməzdi. Sənədlərə görə, o, Avstriyanın tamamilə fərqli bir bölgəsində yerləşən Strones kəndində yaşayırdı.
İkincisi, Qratsda Frankenberger soyadlı ailə yaşayırdı, lakin onlar yəhudi deyil, katolik icmasına mənsub idi.
Üçüncüsü, bu iddia ilə bağlı heç bir sənədli sübut yoxdur. Frankın iddia etdiyi kimi, aliment ödənişləri ilə bağlı heç bir qeyd tapılmayıb. Frankın özü iddiaları üçün heç vaxt inandırıcı dəlil təqdim etməyib.
Məxfilikdən çıxarılmış arxivlərin ətraflı araşdırılmasından sonra tarixçilər birmənalı nəticəyə gəliblər ki, Hitlerin ailəsində yəhudi kökləri yoxdur. Bu gün bu versiya rəsmi olaraq qəbul edilir və Fürerin yəhudi mənşəyini tamamilə təkzib edir. Müəyyən edilib ki, Hitlerin ailə ağacı bir neçə nəsil ərzində yalnız avstriyalıları əhatə edirdi. Onun ata əcdadları kəndli ailəsindən idi. Adolfun valideynləri Alois Hitler və Klara Pölzl isə avstriyalı idilər.
Hitler özü həmişə uşaqlığı və ailəsi haqqında danışmaqdan son dərəcə çəkinirdi. Anası evdar qadın, atası isə dövlət məmuru idi. Hitlerin ambisiyalarını nəzərə alsaq, onun təvazökar sosial mənşəyi həyatında böyük rol oynayıb. Onun kökləri haqqında məlumat həm Fürerin özü, həm də ətrafı tərəfindən diqqətlə gizlədilib.
Onun irqi təmizliyə olan vəsvəsəsi, ariləri "üstün" irq səviyyəsinə qaldırması, əsasən öz aşağılıq kompleksini kompensasiya etmək cəhdi idi. O, qanında hər hansı bir qarışığın olduğunu qəti şəkildə inkar edirdi. Lakin Hitler bunu nə qədər şiddətlə inkar edirdisə, bir o qədər çox şayiə və şübhələr ortaya çıxırdı.
Bəs, Hitler kim idi?
Bu gün tarixçilərin əksəriyyətinin qənaətinə görə, Adolf Hitler milliyyətcə avstriyalı idi. O, yalnız Almaniyanın lideri olduqdan və Almaniya vətəndaşlığını qəbul etdikdən sonra faktiki olaraq alman oldu.
Şiklgruber atasının doğum adı idi və o, bu adı Adolfun doğulmasından 13 il əvvəl dəyişdirmişdi. Adolf özü həmişə Hitler olub. Və bəlkə də, bütün bu hekayənin ən böyük ironiyası buradadır.
İrqi nəzəriyyəni ideologiyasının “təməl daşı” elan edən adam özü də "natəmiz" qan qarışığı şayiələrinin qurbanı oldu.
Onun mənşəyi sirr kimi gizlədildi. Lakin arxiv sənədləri ilə təsdiqlənən faktlar birmənalı şəkildə bunu göstərir: o, avstriyalı idi.
Onun yəhudi kökləri haqqında bütün söhbətlər düşmənlərinin onun ən böyük zəifliyinə - öz "saflığına" dair şübhələrinə hücum etmək istəyindən doğan mifdən başqa bir şey deyil.
Surxay Atakişiyev, Bizim.Media





































































































