İyulun 20-si səhər saatlarında Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Xəzər Boru Kəməri Konsorsiumunun (XBK) dəniz terminalına növbəti dəfə hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə konsorsiumun mətbuat xidməti məlumat yayıb.
Hücum zamanı terminalda yükləmə prosesində olan "NELSA" mülki tankeri hədəf alınıb.
XBK-dən verilən rəsmi açıqlamaya görə, zərbə nəticəsində gəminin sağ göyərtəsinin arxa hissəsində – üst tikili ilə maşın-qazan şöbəsi arasında yanğın baş verib. Göyərtədə və tankerin bölmələrində alovlanan yanğın bir neçə saat ərzində tamamilə söndürülüb. Tankerin 22 nəfərdən ibarət beynəlxalq heyəti, kapitan və onun baş köməkçisi istisna olmaqla, ərazidən təxliyə edilib. Gəminin batma təhlükəsi yoxdur.
Hücumdan dərhal sonra neftin yüklənməsi prosesi tam dayandırılıb. Konsorsium rəsmiləri xam malın dənizə dağılmasının və çənlərdə (tanklarda) yanğın baş verməsinin qarşısının alındığını vurğulayıblar.
"Hücum edən tərəf yükləmə vəziyyətində olan tankerə hücum hazırlayarkən böyük ekoloji və texnogen risklər yaratdığını, həmçinin müxtəlif ölkələrdən olan heyət üzvlərinin həyatını təhlükəyə atdığını yaxşı anlayırdı", – deyə XBK-nın bəyanatında qeyd olunub.
Qeyd edək ki, bir gün əvvəl PUA-lar Qazaxıstan neftini daşıyan "ASIA" və "NISSOS IOS" tankerlərinə zərbələr endirmiş, gəmilərdən birində yanğın qeydə alınmışdı.
Xatırladaq ki, XBK obyektləri bundan əvvəl ötən ilin sentyabr, noyabr və cari ilin aprel aylarında da pilotsuz təyyarələrin hədəfinə çevrilmişdi.
Bizim.Media






































































































