Sakinləri cana yığan uğultunun sirri açıldı

Hazırda oxunan: Sakinləri cana yığan uğultunun sirri açıldı

620542

ABŞ-ın bir neçə ştatının sakinləri aylarla həyatlarını kabusa çevirən naməlum, aşağı tezlikli uğultudan şikayət edirdilər. İnsanlar bu səs səbəbindən yuxusuzluqdan, baş ağrılarından, qulaqlarda təzyiq hissindən, təşvişdən və hətta evlərin vibrasiya etməsindən əziyyət çəkirdilər.

Nəhayət, Konnektikut ştatının Uest-Heyven (West Haven) şəhərinin rəsmiləri sirli küyün mənbəyini müəyyən edə bildiklərini açıqlayıblar.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Uest-Heyven sakinləri artıq bir ildən çox idi ki, gecə-gündüz kəsilməyən bu səsi uzaqda işləyən tozsoranın uğultusuna bənzədirdilər.

Problemin araşdırılması üçün yerli sakin Kimberli Nunes tərəfindən petisiya başladılmış və o, daimi səs-küy səbəbindən yuxu dərmanları qəbul etməyə məcbur olduğunu etiraf etmişdi.
 

Çoxsaylı şikayətlərdən sonra şəhər şurası müstəqil akustik araşdırma üçün 16 min dollar vəsait ayırıb. Ekspertlərin rəyinə görə, uğultunun ən real mənbəyi "Glanbia Nutritionals" şirkətinin istehsalat kompleksinin avadanlıqları olub. Məlum olub ki, problem müəssisənin damında 2024-cü ildə quraşdırılmış səsboğucuların aşağı tezlikli küyü tam kəsə bilməməsindən qaynaqlanıb. Şirkət rəhbərliyi avadanlıqları daha effektiv sistemlərlə əvəz edəcəyinə söz verib.


Lakin bu problem yalnız bir şəhərlə məhdudlaşmaya bilər. Oxşar şikayətlər ABŞ-nin şimal-şərqindəki digər bölgələrdən də daxil olur.

Nyu-Cersi ştatının Vaynlend (Vineland) şəhərində təxminən 223 min kvadratmetr sahəsi olan nəhəng data mərkəzinin (məlumatların emalı mərkəzi) inşasından sonra sakinlər eyni növ uğultudan şikayət etməyə başlayıblar.

Mütəxəssislər bildirirlər ki, iri data mərkəzlərində gecə-gündüz fasiləsiz işləyən güclü soyutma sistemləri, ventilyatorlar və elektrik avadanlıqları 55-dən 85 desibelə qədər aşağı tezlikli daimi uğultu yaradır və bu səs çox uzaq məsafələrə yayıla bilir.
 

Yüzlərlə data mərkəzinin yerləşdiyi Virciniya ştatında da vəziyyət eynidir. Sakinlər təkcə səsdən deyil, evlərin daxilində hiss olunan vibrasiyalardan gileylənirlər. Sabiq NASA analitiki Con Layver qeyd edir ki, bu obyektlərin yaratdığı səs-küyün səviyyəsi təsəvvür ediləndən qat-qat yüksəkdir və yerli sakinlər haqlı olaraq onları yaşayış məntəqələrinə yaxın tikilən "səs-küy canavarları" adlandırırlar.


Konnektikutdakı hadisə, uzun illərdir sakinlər üçün izaholunmaz qalan sirli uğultunun konkret sənaye mənbəyinin tapılaraq təsdiqləndiyi ilk rəsmi uğurlu addımlardan biri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin