ABŞ Prezidenti Donald Trampın ailəsi, onun ikinci prezidentlik müddətinin başlanmasından bəri rəsmi kriptovalyuta layihələrindən və rəqəmsal aktivlərdən azı 2,3 milyard dollar gəlir əldə edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Evə yaxın maliyyə mənbələrinə və rəsmi bəyannamələrə istinadən məlumat yayıb.
Ekspertlərin fikrincə, bu nəhəng qazancın əsas hissəsi Trampın oğulları tərəfindən yaradılan və idarə olunan "World Liberty Financial" (WLF) mərkəzləşdirilməmiş maliyyə (DeFi) platformasından və prezidentin şəxsi rəqəmsal pul kisəsində (wallet) saxlanılan kriptovalyutaların kəskin dəyər qazanmasından formalaşıb.
Xatırladaq ki, Donald Trampın seçki kampaniyası dövründə ABŞ-ı "dünyanın kripto paytaxtı" edəcəyi və bitcoin üzrə strateji dövlət ehtiyatı yaradacağı barədə verdiyi vədlər, onun andiçmə mərasimindən sonra qlobal kriptovalyuta bazarında görünməmiş bumu (kəskin qiymət artımını) şərtləndirib. Bazarın bu cür böyüməsi isə Tramp ailəsinin rəqəmsal tokenlərinin (WLFI) satışını sürətləndirib.
Tənqidçilər və hüquq müdafiəçiləri isə dövlət başçısının ailəsinin bu cür böyük kripto layihələrində iştirak etməsini maraqların toqquşması kimi qiymətləndirir və Ağ Evin apardığı maliyyə siyasətinin şəxsi biznes maraqlarına xidmət edə biləcəyi barədə xəbərdarlıq edirlər.
Bizim.Media



































































































