Ermənistanda keçiriləcək parlament seçkilərinə sayılı günlər qalıb. Bu baxımdan Rusiyada yaşayan on minlərlə Ermənistan vətəndaşının səsvermədə iştirak etmək üçün ölkəyə qayıda biləcəyi barədə məlumatlar yayılıb.
Bizim.Media xəbər verir ki, iddialara görə, İrəvanın "Zvartnos" hava limanının uçuş cədvəli bu tendensiyanı təsdiq edir.
Belə ki, təkcə bu gün Rusiyadan Ermənistana 30 təyyarə reysinin reallaşdırıldığı bildirilir.
Təyyarələrin orta hesabla 180 sərnişin tutumuna malik olduğunu nəzərə alsaq, bu, sutka ərzində təxminən 5–6 min sərnişinin gəlməsi deməkdir.
Analitiklər qeyd edirlər ki, əgər bu rəqəmlər seçki ərəfəsindəki bir həftəyə ekstrapolyasiya edilsə və bura quru yolu (yerüstü nəqliyyat) vasitəsilə gələnlər də əlavə olunsa, uzun müddətdir Rusiyada yaşayan 100 mindən çox Ermənistan vətəndaşının ölkəyə daxil olması tamamilə real görünür.
Ekspertlərin fikrincə, bu qədər böyük sayda seçicinin ölkəyə gəlişi iyunun 7-də keçiriləcək parlament seçkilərinin nəticələrinə və ölkədə yeni hakimiyyətin formalaşması prosesinə ciddi şəkildə təsir göstərə bilər.
Bizim.Media



































































































