Son illərdə Ermənistanın geosiyasi seçimlərində ciddi dəyişiliklər müşahidə olunur. Belə ki, İrəvanın uzun illər boyu Rusiya tərəfindən aparılan “ağa”lıq rolunu Fransaya vermək arzusu aydın şəkildə hiss edilir.
Bu mənzərədə ən diqqətçəkən məqam isə Ermənistanın hələ də müstəqil dövlət kimi davranmaq əvəzinə, özünü hansısa xarici gücün himayəsinə sığınmaq məcburiyyətində hiss etməsidir.
Əslində Ermənistan tarix boyu məhz bu psixologiya ilə hərəkət edib. Bu ölkənin dövlətçilik ənənəsi heç vaxt müstəqil siyasi iradəyə əsaslanmayıb. Çar Rusiyasından SSRİ-yə, oradan da müasir Rusiyaya qədər Ermənistan daim hansısa “ağa”nın himayəsində yaşayıb. Bu himayə sayəsində regionda təxribatlar törədib, qonşulara qarşı ərazi iddiaları irəli sürüb, böyük güclərin geosiyasi alətinə çevrilib.
Bu gün isə sadəcə himayədar dəyişir...
Bir müddət əvvəl Moskvanın forpostu olan Ermənistan indi Fransanın və ümumilikdə Qərbin geosiyasi layihəsinə çevrilmək üzrədir. Nikol Paşinyan hakimiyyəti KTMT-ni faktiki iflic vəziyyətinə saldı, Rusiya ilə münasibətləri sürətlə korladı, əvəzində isə Fransa ilə hərbi-siyasi yaxınlaşmanı prioritetə çevirdi. Ermənistanın Avropa İttifaqına inteqrasiya ilə bağlı addımları, Fransadan silah alması, hərbi əməkdaşlıq sazişləri imzalaması da bu kursun tərkib hissəsidir.
Lakin burada əsas məsələ Ermənistanın müstəqil siyasət yürütmək istəyi deyil. Çünki İrəvan Rusiyadan uzaqlaşarkən milli dövlət modelinə keçmir, sadəcə bir geopolitik mərkəzi digəri ilə əvəz edir. Bu isə Ermənistanın yenə də hansısa gücün əlində alət olaraq qalacağını göstərir.
Məhz buna görə Rusiya ilə Qərb arasında Ermənistan uğrunda gedən mübarizə getdikcə daha sərt xarakter alır. Kreml açıq şəkildə İrəvana mesaj verir ki, onu asanlıqla itirmək niyyətində deyil. Rusiyalı rəsmilərin və Kremlə yaxın politoloqların ardıcıl təhdidləri də bunu təsdiqləyir. Ermənistanın “Ukrayna yolu”na sürükləndiyi barədə səslənən xəbərdarlıqlar təsadüfi deyil.
Çünki Moskva yaxşı anlayır ki, Ermənistan artıq sadəcə regional məsələ deyil, Qərbin Rusiyaya qarşı yeni təzyiq xəttinin elementinə çevrilir.
Fransanın Qafqaz planı və neokolonial mahiyyəti
Burada Fransanın rolu isə xüsusilə diqqət çəkir. Paris uzun illər Afrikada və Sakit okean hövzəsində həyata keçirdiyi neokolonial siyasəti indi Cənubi Qafqaza daşımağa çalışır.
Fransa Ermənistan üzərindən regiona yerləşmək, Azərbaycan-Türkiyə tandeminin yaratdığı yeni geosiyasi reallığı zəiflətmək istəyir. Emmanuel Makronun anti-Azərbaycan ritorikası, Ermənistanı silahlandırması və İrəvanı açıq şəkildə himayə etməsi də bu strategiyanın tərkib hissəsidir.
Ancaq Fransanın öz daxilində vəziyyət tam fərqlidir.
Prezident İlham Əliyev Zəngilana köçən sakinlərlə görüşündə bu məqama xüsusi diqqət çəkib:
"Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər".
Bu fikirlər birbaşa Emmanuel Makrona aiddir. Bu gün Makronun Fransadakı reytinqi rekord səviyyədə aşağıdır. Sosial etirazlar, iqtisadi böhran, miqrasiya problemləri və uğursuz xarici siyasət Fransada hakimiyyətə inamı ciddi şəkildə sarsıdıb. Bu isə Makronun legitimliyini belə sual altına salır.
BMT-nin hesabatı Fransanın mahiyyətini üzə çıxardı
Ən maraqlısı isə odur ki, Fransa özünün neokolonial siyasətinə görə artıq beynəlxalq təşkilatların tənqid hədəfinə çevrilib.
BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsinin Kanaki (Yeni Kaledoniya) ilə bağlı Fransaya ünvanladığı son xəbərdarlıq bunun açıq göstəricisidir. Komitə Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnun pozulması, demoqrafik manipulyasiya cəhdləri və seçici korpusunun dəyişdirilməsi ilə bağlı ciddi narahatlıq ifadə edib.
Bakı Təşəbbüs Qrupunun məsələ ilə bağlı bəyanatı isə Fransanın mahiyyətini bir daha ortaya qoydu. Bəyanatda haqlı olaraq vurğulanır ki, Kanak xalqının razılığı olmadan həyata keçirilən siyasi və inzibati dəyişikliklər beynəlxalq hüququn, dekolonizasiya prinsiplərinin və yerli xalqların hüquqlarının kobud şəkildə pozulmasıdır.
Əslində Fransanın Ermənistandakı fəaliyyəti ilə Kanakidəki siyasəti arasında ciddi fərq yoxdur.
Paris hər iki halda xalqları öz maraqları üçün istifadə etməyə çalışır. Kanakidə bunu neokolonial idarəçilik formasında edir, Ermənistanda isə revanşist qüvvələri və anti-Azərbaycan siyasətini stimullaşdırmaq yolu ilə həyata keçirir.
Makronun uğursuz siyasi şousu
Makronun son davranışları isə artıq siyasi simvolizm səviyyəsinə keçib.
Fransa prezidentinin Ermənistandan Türkiyəyə quru sərhədi ilə keçmək istəyi də məhz belə bir siyasi şou xarakteri daşıyırdı. Makron bununla həm regional proseslərdə “aktiv oyunçu” obrazı yaratmağa, həm də Türkiyə-Ermənistan xəttində özünü əsas vasitəçi kimi təqdim etməyə çalışırdı.
Lakin bu plan da iflasa uğradı. Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və Prezident İlham Əliyev Makronun bu istəyinə imkan verilmədi. Bununla da regionun gələcəyinin artıq Parisdə deyil, Bakı və Ankarada müəyyənləşdirildiyi bir daha nümayiş etdirildi.
Əslində bu hadisə çox vacib mesaj idi.
Çünki bəzi dairələr hələ də Cənubi Qafqazın taleyinin xarici güclər tərəfindən müəyyən ediləcəyini düşünürlər. Halbuki reallıq tam başqadır. Bu gün regionun siyasi gündəliyini Azərbaycan və Türkiyə formalaşdırır. Regional layihələr, nəqliyyat marşrutları, təhlükəsizlik arxitekturası və diplomatik təşəbbüslər məhz Bakı-Ankara xətti üzərindən qurulur.
Təəssüf ki, Türkiyədə belə Makronun bu ideyasına simpatiya ilə yanaşan bəzi diplomatlar var. Lakin Prezident Ərdoğan və Prezident İlham Əliyevin qəti mövqeyi göstərdi ki, strateji məsələlərdə hər iki dövlət milli maraqlardan geri çəkilmək niyyətində deyil.
Ermənistan uçurumun astanasında
Ermənistan isə bütün bunlardan nəticə çıxarmalıdır. Əgər İrəvan yenə də özünü hansısa böyük gücün alətinə çevirməyə davam etsə, bu, ölkəni daha ağır geosiyasi fəlakətlərlə üz-üzə qoyacaq. Ukrayna nümunəsi göz önündədir. Qərbin vədləri ilə böyük qarşıdurmanın içinə sürüklənən ölkələrin sonradan necə taleyüklü problemlərlə üzləşdiyini artıq bütün dünya görür.
Bu gün Ermənistanın qarşısında iki seçim var: ya region dövlətləri ilə normal münasibətlər quraraq real müstəqil siyasətə keçmək, ya da Fransanın geosiyasi avantüralarının növbəti qurbanına çevrilmək.
Hazırkı mənzərə isə göstərir ki, Paşinyan hakimiyyəti ikinci yolu seçməkdə israrlıdır. Bu yol isə Ermənistanı müstəqil ölkəyə deyil, böyük güclərin toqquşma meydanına çevirəcək.
Bizim.Media-nın analitik qrupu

- A-
- A
- A+
Dünya
11:20 / 12.05.2026
Makronun UĞURSUZ ŞOUSU - Ermənistan üzərindən qurulan regional oyunun İFLASI
Hazırda oxunan: Makronun UĞURSUZ ŞOUSU - Ermənistan üzərindən qurulan regional oyunun İFLASI
Hazırda oxunan: Makronun UĞURSUZ ŞOUSU - Ermənistan üzərindən qurulan regional oyunun İFLASI
612620
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.









































































































