İran yaxınlığında yerləşdirilən ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz qruplaşması 20-dən çox hərbi gəmidən ibarətdir.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun informasiya xidməti məlumat yayıb.
İki təyyarədaşıyan gəmi — “Abraham Lincoln” və “George H. W. Bush” Ərəbistan dənizində döyüş növbətçiliyi aparır.
Bundan başqa, bölgədə dəniz piyadalarını daşıyan üç böyük amfibiya gəmisi, idarəolunan raketlərlə təchiz edilmiş 13 esmines, iki sahil döyüş gəmisi və bir neçə minaaxtaran gəmi yerləşdirilib. Əlavə olaraq, daha bir idarəolunan raket esminesi fəaliyyət göstərir.
Bildirilir ki, həmin gəmilər ABŞ-nin Körfəzdə İranla əlaqəli ticarət gəmilərinin İran limanlarına giriş və çıxışını məhdudlaşdırmağa yönəlmiş əməliyyatında iştirak edirlər.
ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, blokada başlayandan bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına gedən və ya oradan çıxan 62 İranla əlaqəli ticarət gəmisini ələ keçirib.
CENTCOM daha əvvəl bildirib ki, ABŞ qüvvələri ümumilikdə 166 milyon bareldən çox neft daşıyan və dəyəri 13 milyard dolları ötən onlarla tankerin İran limanlarını tərk etməsinin qarşısını alıb.
Bizim.Media







































































































