İrandakı müharibə ABŞ və Çin arasındakı münasibətləri daha da gərginləşdirib. Gözlənilir ki, bu mövzu ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Cinpin arasında mayın 14-15-də Pekində keçiriləcək sammitin əsas gündəliyi olacaq.
Bizim.Media xəbər verir ki, "Reuters" agentliyi ABŞ-İsrailin İrana qarşı müharibəsi fonunda Vaşinqton və Pekin arasındakı münasibətlərdə yaranan əsas sualları təhlil edib.
İranda atəşkəs danışıqları
ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, iki lider İrandakı müharibəni müzakirə edəcək. O, Çini Hörmüz boğazını beynəlxalq gəmiçilik üçün açmaq məqsədilə "beynəlxalq əməliyyatda ABŞ-a qoşulmağa" çağırıb.
Lakin ekspertlər hesab edir ki, Pekin Vaşinqtonun göstərişi ilə hərəkət etməyəcək. Çin daha əvvəl İranı Pakistan vasitəsilə sülh danışıqlarına razı salmağa çalışsa da, ötən həftə İran Xarici İşlər nazirinin Pekinə səfərindən sonra "hərbi əməliyyatların tam dayandırılmasına" çağırıb.
Nüvə məsələsi: Çin İranın nüvə silahı hazırlamamaq öhdəliyini yüksək qiymətləndirir və Tehranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu tanıyır.
ABŞ-ın tələbi: Vaşinqton İranın nüvə bombası hazırlamağa çalışdığını iddia edərək, ondan uranın zənginləşdirilməsi hüququndan 20 il müddətinə imtina etməyi və yüksək zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməyi tələb edir.
Enerji təhlükəsizliyi: Müharibənin uzanması Çinin enerji təhlükəsizliyinə ciddi zərbə vurur. Pekin daxili bazarı qorumaq üçün benzin və aviasiya yanacağı kimi gəlirli məhsulların ixracını azaltmağa məcbur olub.
Çinin xam neft idxalının yarısı Yaxın Şərqin payına düşür.
Aprel ayında Çinin ümumi neft idxalı ötən illə müqayisədə 20% azalıb və son dörd ilin ən aşağı səviyyəsinə düşüb.
Çin XİN Hörmüz boğazının ABŞ tərəfindən blokadaya alınmasının beynəlxalq maraqlara zidd olduğunu bəyan edib.
ABŞ-ın İrana qarşı sanksiyaları və Çinin cavabı
Tramp administrasiyasının təzyiqlərinə baxmayaraq, Çin İran neftinin ən böyük alıcısı olaraq qalır. İranın ixrac etdiyi neftin 80%-dən çoxu Çinə gedir.
Sanksiyalar: ABŞ Maliyyə Nazirliyi aprel ayında Çinin "Hengli Petrochemical" şirkətinə və daha bir neçə quruma sanksiya tətbiq edib.
Pekinin reaksiyası: Çin Ticarət Nazirliyi şirkətlərə ABŞ sanksiyalarına tabe olmamağı əmr edib. Pekin ilk dəfə olaraq qanunsuz hesab etdiyi sanksiyalara qarşı cavab tədbirləri görməyə imkan verən qanunu tətbiq edib.
Trampın səfərinə bir neçə gün qalmış ABŞ İranın ballistik raket proqramına kömək etməkdə ittiham olunan daha bir neçə Çin və Honkonq şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Bizim.Media








































































































