Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında.
Artıq mayın ikinci həftəsinə qədəm qoyuruq və ancaq indi əminliklə demək olar ki, nəhayət Azərbaycana yaz gəldi. İqlim dəyişmələri getdikcə dərinləşir, əvvəllər adət etdiyimiz ab-hava yenisi ilə əvəzlənir və ona görə də çətindir proqnoz etmək ki, yay necə keçəcək, enerjiyə tələbat yüksək olacaq, ya daha çox mülayim hava şəraitində tələbat azalacaq.
Qlobal bazarlar
Havalar bir yana, enerji qiymətlərinə indi daha çox təsir edən amil siyasətin hərarətidir. Mayın əvvəlindən qlobal enerji bazarlarında əsas diqqət neft qiymətlərindəki dalğalanmalara, OPEC+ ölkələrinin hasilat siyasətinə, həmçinin Avropa qaz bazarında təchizat və qiymət risklərinə yönəlib.
Aprelin sonuncu günü ABŞ-İran müharibəsi zamanı neftin ən bahalı qiyməti qeydə alınmışdı – 126,41 dollar. Yola saldığımız həftə isə Brent markalı neftin ən ucuz partiyası 96,14 dollara satıldı. Yəni qiymət partiyaları arasındakı fərq 30 dollar 27 sentə çatdı. Bunu ona görə diqqətinizə çatdırıram ki, görəsiniz qiymət dəyişkənliyinin ağlasığmaz dalğalanmasını. Hazırda neft 100 dollardan bir qədər baha qiymətə ticarət edilir.
Bununla yanaşı, Avropa qaz bazarında hələ də müəyyən həyəcan faktorları mövcuddur. Əsas risklərdən biri Avropa qaz anbarlarının doluluq səviyyəsinin əvvəlki illərlə müqayisədə aşağı olmasıdır. Digər tərəfdən, dünya bazarının maye qaza olan tələbatını ödəyən Qətərin Hörmüz boğazındakı vəziyyətlə bağlı artıq üçüncü aydır ki, ixrac imkanlarının infiyə qədər yaşanmamış risklərlə üzləşməsi qarşıdakı aylarda da mavi yanacağın qiymət təzyiqi ilə üzləşməsindən xəbər verir.
Bu baxımdan Niderlandın TTF qaz qovşağında qiymətlər həftə əvvəlində 570-587 dollara satılırdısa, həftə sonuna doğru 540 dollardan aşağı həddə dəyişərək bazarda risk mükafatının hələ də qorunduğunu nümayiş etdirdi.
İtaliya ilə genişlənən enerji ticarətimiz
Yola saldığımız həftənin ilk günü, mayın 4-ü İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri ilə başladı. İtaliya Azərbaycan üçün Avropa ilə əlaqələrdə strateji əhəmiyyətə malik bir ölkədir. Çünki Azərbaycanın həcmcə ixrac etdiyi iki strateji məhsulun - neftin 56,1%, təbii qazın isə 38,1%-i məhz bu ölkə bazarına daxil olur.
Bakıdakı ikitərəfli görüşlərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya hökumətinin rəhbəri Ciorcia Meloni ilə mətbuata bəyanatlarla çıxışında da xüsusi ilə ölkələrimiz arasında ticari əlaqələrdə enerji faktorunun önəmli yer tutması diqqətə çatdırıldı. Azərbaycan Prezidenti xüsusilə vurğuladı ki, burada biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da artıq ikinci yerə yüksəlib.
Burada istərdim ki, rəsmi statistikaya müraciət edəm və görək enerji faktoru ümumi ticati əlaqələrimizə hansı səviyyədə təsir edir. 2025-ci ilin yekunlarına görə, Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 11,86 mlrd dollar təşkil edib. Bunun da 95,6%-ni Azərbaycanın İtaliyaya ixracı təşkil edib.
Burada maraqlı məqamın üstünə gəlirik ki, bəs Azərbaycan İtaliyaya nə ixrac edib?
Dövlət Statistika Komitəsinin “Xarici ticarətin vəziyyətinə dair” bülletenində göstərilir ki, ötən il Azərbaycanın İtaliyaya ixracı 11,34 mlrd dollar olub. Bunun 6,73 mlrd dollarını xam neft, 4,56 mlrd dollarını isə təbii qaz təşkil edib. Yəni neft və qazın bizim İtaliyaya ümumi ixracda xüsusi çəkisi 99,6% olub. Amma enerji məhsulları içərisində neft və qazdan əlavə metanol, emal prosesində istifadə edilən spesifik yağlar, kimyəvi çevrilmələrdə istifadə edilən yanacaq, həmçinin kiçik həcmdə təyyarə və dizel yanacağı da olub.
Yəni, bir sözlə, əgər Azərbaycanın enerji sektoru olmasaydı, demək olardı ki, İtaliyaya satacaq elə bir məhsulumuz də olmayacaqdı. Ona görə vaxtı ilə min bir əziyyətə qatlaşaraq tərəfdaşlarımızla birgə ərsəyə gətirdiyimiz 3500 km uzunluğunda olan Cənub Qaz Dəhlizi boru kəmərinin əhəmiyyətini məhz belə göstəriciləri təhlil edəndə daha dərindən dərk edirsən. Bir növ İtaliya ilə aramızda olan enerji ticarəti Azərbaycan üçün əməlli-başlı çörək ağacıdır, özü də tək bir ilin yox, onilliklərin!
Qərbdə Azərbaycan qazına marağın artması
Onu qeyd edim ki, bu arada Qərb mediasında Almaniya və Avstriyanın Azərbaycandan təbii qaz tədarükünə başlanması məsələsi diqqət mərkəzində olub. Bu addım ölkəmizin Avropa enerji bazarında mövqeyini daha da genişləndirir. Azərbaycan qazının nəqli bu ölkələrə İtaliya üzərindən həyata keçirilir və Cənub Qaz Dəhlizinin Avropa seqmenti hesab olunan TAP marşrutundan istifadə olunur.
Almaniya istiqamətində tədarük SOCAR ilə Almaniyanın hökumətə məxsus SEFE şirkəti arasında imzalanmış 10 illik müqavilə çərçivəsində həyata keçirilir. Müqaviləyə əsasən, tədarük həcminin mərhələli şəkildə ildə təxminən 1,5 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Avropada Azərbaycan qazına maraq Rusiya qazından asılılığın azaldılması siyasəti və Körfəz ölkələrində yaşanan hərbi-siyasi gərginlik fonunda artıb. Yeni tədarük marşrutu Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolunu gücləndirir və Avropanın enerji mənbələrini şaxələndirməsinə xidmət edir.
San-Marino da bizdən qaz istəyir
İtaliyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdırdıqdan sonra bu həftə ölkəmizə İtaliyada yerləşən anklav bir dövlət də təşrif buyurub. Özü də bu səfər çərçivəsində Azərbaycan və San-Marino Respublikası arasında energetika sahəsində, daha doğrusu qaz ticarəti əməkdaşlıq məsələləri müzakirə edilib.
Mayın 7-də SOCAR-ın prezidenti Rövşən Nəcəf San-Marino Respublikasının maliyyə və büdcə, nəqliyyat və energetika üzrə dövlət katibi Marko Qatti və Əmək, iqtisadi planlaşdırma və texnoloji innovasiyalar üzrə dövlət katibi Alessandro Bevitori ilə görüşüb. Görüşdə tərəflər enerji sektorunun müxtəlif istiqamətləri, o cümlədən təbii qaz tədarükü, bərpaolunan enerji, dekarbonizasiya sahələrində əməkdaşlığın perspektiv imkanları ətrafında fikir mübadiləsi aparıblar.
San-Marino da Azərbaycandan qaz almağı necə deyərlər gözaltı edib. Ümumən, burada problem yoxdur, əgər tərəflər kommersiya məsələləri üzrə razılaşsalar. Çünki San-Marinonun əhalisi heç 34 min nəfərə çatmır, yəni Abşerondakı Saray qəsəbəsinin əhalisindən də azdır. Ona görə də qaz istehlakı da cüzidir, ilə cəmi 22-23 milyon kubmetr qaz idxalı mövcuddur. Hazırda Azərbaycan günə orta hesabla bilirsinizmi hansı həcmdə qaz ixrac edir? Təqribən 72 milyon kubmetr. Bu minvalla, San-Marinonun illik qaz tələbatını təmin etmək üçün bizə 7-8 saat zaman kifayətdir.
Qaz artımının resursları
Onu deyim ki, Azərbaycandan hazırda və orta perspektivdə qaz almaq istəyən xeyli ölkə və şirkət var. Amma əsas məsələ burasındadır ki, bizdə qaz resursları buna yetərlidirmi? Əlbətt ki, hər şey həcmə bağlıdır. Azərbaycan isə artıq illər boyu enerji bazarında özünü ciddi tərəfdaş kimi tanıdıb və o sövdələşmələrə imza atır ki, onu həyata keçirməkdə tərəddüdü olmur. Bunu qarşı tərəfdəkilər də bilir, ona görə də daha çox bizə üz tuturlar. Bunun bir səbəbi də odur ki, Avropa ilə mövcud işlək infrastrukturumuz var. Əlavə həcmlər üçün birləşdirici kəmərlərdən istifadə üçün də müqavilələrimiz var.
Həmçinin qaz bazarlarına təkcə “Azəri-Çıraq-Günəşli” blokundan təbii qaz ehtiyatlarını, “Abşeron” yatağının ikinci mərhələsi üzrə əlavə həcmləri deyil, eyni zamanda ölkə daxilində günəş və külək elektrik stansiyalarının 2028-ci ilədək ardı-ardınca istismara verilməsi ilə istilik elektrik stansiyalarında qənaət edilən həcmləri də çıxartmağı planlaşdırırıq. Bu isə müştərilərdə təhcizatçıya olan inam və etimaddı daha da gücləndirir.
bp-nin səmt qazının artımı
Bu arada isə bp şirkəti cari ilin ilk rübündə Azərbaycandakı fəaliyyətininə dair hesabatını açıqlayıb. Məlumata görə, yanvar-mart aylarında Azərbaycan tərəfinə hasilat pay bölgüsü sazişinin müddəalarına uyğun olaraq 1 milyard kubmetr səmt qazını təmannasız şəkildə təhvil verib. Ötən ilin eyni dövrü ilə müqayisədə verilən qaz həcmləri 100 milyon kubmetr və ya 11,1% artıb.
Maraqlı burada bilirsiniz nədir? Bu həcmdə səmt qazı Azərbaycan tərəfinə 2022-ci ilin ilk rübündən sonra hələ verilməmişdi. Ən aşağı nəticə 2023-cü ilin birinci rübündə qeydə alınmışdı – cəmi 600 mln kubmetr. Həmin dövrlə müqayisədə cari ilin yanvar-mart aylarında bp səmt qazının əmtəəlik qaza çevrilməsini təqribən 67% artırmağa nail olub. Bu isə müqavilə sahəsində hasilatın 29-cu ilində əldə edilən texnoloji imkanların artırılmasından xəbər verir. bp şirkəti həmçinin bildirib ki, indiyə qədər AÇG blokundan Azərbaycan tərəfinə 62 mlrd kubmetr səmt qazı təhvil verib.
Bəzilərinə bu, səmt qazının bizə verildiyi 25 ildən artıq dövr üçün böyük həcm kimi gəlməyə bilər. Amma nəzərə alsaq ki, AÇG-nin səmt qazı ortalama ilə təqribən 2,5 mlrd kubmetr edir və bu qədər həcmi bizim qonşumuz Ermənistan il ərzində işlədir və o həcmləri əldə etmək üçün Rusiyaya 440 milyondan çox vəsait ödəyir, özü də dollarla...
Amma onu da xatırlamalıyıq ki, vaxtı ilə 2001-2006-cı illərdə Azərbaycan da Rusiyadan qaz almaq üçün böyük vəsaitlər xərcləyirb. Və bizi enerji müstəqilliyimizə qovuşdurmaq yolunda istər “Azəri-Çıraq-Günəşli”, istərsə də “Şahdəniz” layihələrinin çox böyük əhəmiyyəti olub və hələ bundan sonra onilliklər boyu da olacaq. Ona görə də qara qızılımızın da, mavi yanacağımızın da həm qədrini bilməliyik, həm gətirdiyi xeyri unutmamalıyıq, həm də Azərbaycanımızı seçilən etməsinin fərqində olmalıyıq.
SOCAR İtaliya bazarına rəsmən daxil olur
SOCAR mayın 8-də İtaliyanın “API Holdinq”indən “Italiana Petroli” şirkətinin səhmlərinin 99,82%-nin alınmasının başa çatdığını elan etdi. SOCAR-ın məlumatına görə, əməliyyat bütün tələb olunan tənzimləyici təsdiqlərin alınmasından sonra yekunlaşdırılıb.
Xatırladım ki, 2025-ci ilin sentyabrında SOCAR-ın “API Holdinq”dən “Italiana Petroli” şirkətinin səhmlərini almaq üçün müqavilə imzaladığı açıqlandı. 2026-cı ilin əvvəlində müqavilə Avropa Komissiyası tərəfindən təsdiqləndi, bundan sonra isə yerli tənzimləyici orqanların müqaviləni təsdiqi prosesi başladı.
Bu müqavilədən sonra SOCAR dörd neft emalı zavoduna sahib oldu: hərəsi bir ədəd olmaqla Azərbaycanda (faktiki emal gücü 6,5 milyon ton) və Türkiyədə (13 milyon tona yaxın), eləcə də ikisi İtaliyada (10 milyon ton).
Bu sövdələşmə nəticəsində SOCAR İtaliya bazarında təkcə neft emalı zavoduna deyil, həmçinin neft məhsulları saxlama müəssisələri və neft məhsullarının paylanması aktivlərinə də sahib olur: “İP” brendi altında İtaliyada fəaliyyətdə olan 4500 yanacaqdoldurma məntəqəsi sayəsində SOCAR İtaliyanın ən böyük yanacaq pərakəndə satış şəbəkələrindən birinə çevtilir.
Bizim.Media







































































































