ABŞ İranın dron və raket hücumlarından sonra Ukraynanın döyüş şəraitində sınaqdan çıxmış antidron texnologiyasını tətbiq etməyə başlayıb.
Bizim.Media xəbər verir ki, Reuters beş məlumatlı mənbəyə istinadən yazır ki, ABŞ hərbçiləri Ukraynanın Sky Map adlı antidron sistemini Səudiyyə Ərəbistanındakı Prince Sultan aviabazasında yerləşdiriblər. Bazaya ukraynalı hərbi mütəxəssislər də göndərilib və onlar amerikalı hərbçilərə sistemdən istifadə qaydalarını öyrədirlər.
Məlumata görə, Sky Map Ukrayna ordusunda geniş istifadə olunur. Sistem daxil olan dron təhdidlərini, o cümlədən İran istehsalı Shahed aparatlarını aşkar etməyə və zərbə dronları ilə əks-hücum təşkil etməyə imkan verir. Reuters qeyd edir ki, bu addım Ukraynanın Rusiya ilə müharibə fonunda antidron texnologiyaları sahəsində xeyli irəli getdiyini göstərir.
Bildirilib ki, sözügedən baza İrandan təxminən 640 kilometr məsafədə yerləşir və müharibə başlayandan bəri bir neçə hücuma məruz qalıb. Reuters-in xəbərində bazada E-3 AWACS təyyarəsinin məhv edildiyi, bir neçə KC-135 tanker təyyarəsinin zədələndiyi və THAAD sisteminə aid radar avadanlığı olan çadırın dağıdıldığı vurğulanır.
Agentlik yazır ki, bazanın müdafiəsində Ukrayna texnologiyası ilə yanaşı, ABŞ-ın Northrop Grumman şirkətinə məxsus FAAD komanda-idarəetmə sistemi və RTX şirkətinin Coyote zərbə dronları da istifadə olunur. Bundan başqa, bazada Project Eagle tərəfindən hazırlanmış Merops aparatları da tətbiq edilir. Lakin son sınaqlardan birində bu aparatların birinin idarəetmədən çıxaraq bazadakı sanitar qovşağa çırpıldığı bildirilir.
Reuters-in xatırlatdığına görə, bundan bir ay əvvəl ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin antidron müdafiəsi ilə bağlı yardım təklifini açıq şəkildə rədd etmişdi. Həmin vaxt Tramp “bizə onların dron müdafiəsi ilə bağlı köməyi lazım deyil” demişdi. Buna baxmayaraq, indi ABŞ həmin texnologiyadan istifadə edir.
Ekspertlər bu addımı ABŞ hava və raketdən müdafiə sistemlərindəki boşluqların göstəricisi kimi qiymətləndirirlər. Reuters-in sitat gətirdiyi Hudson Institute analitiki Timoti Uoltonun fikrincə, ABŞ-ın dünyadakı hava hücumundan müdafiə sistemlərində çatlar çoxdan məlum idi, lakin bu problem vaxtında aradan qaldırılmayıb.
Bizim.Media


































































































