ABŞ administrasiyası Vaşinqtonun İranla müharibəsinə açıq dəstək verməyən NATO ölkələrinin siyahısını hazırlayıb və həmin dövlətlərə münasibətdə mümkün addımları nəzərdən keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə Politico mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, sözügedən sənəd NATO-nun baş katibi Mark Rüttenin 7-12 aprel tarixlərində Vaşinqtona səfəri ərəfəsində hazırlanıb. NATO-nun rəsmi məlumatında da Rüttenin məhz həmin günlərdə Vaşinqtonda ABŞ prezidenti, dövlət katibi və müdafiə naziri ilə görüşdüyü təsdiqlənir.
Məlumata görə, sənəddə alyans üzvlərinin İran münaqişəsi fonunda ABŞ-a verdiyi dəstək ümumiləşdirilib və ölkələr müxtəlif iştirak səviyyələrinə görə sıralanıb. Reuters-in yazdığına görə, Rütte sonradan etiraf edib ki, bəzi Avropa müttəfiqləri bu sınaqdan “uğurla çıxmayıb”, halbuki digərləri logistik və başqa qeyri-döyüş formatlarında öhdəliklərini yerinə yetiriblər.
Mənbələrin sözlərinə görə, bu siyahı ABŞ administrasiyasının müttəfiqləri “effektiv” və “kifayət qədər cəlb olunmayan” tərəflərə ayırmaq yanaşmasını əks etdirir. Reuters və digər mənbələr yazır ki, Vaşinqton son həftələrdə NATO ölkələrinin İran müharibəsinə kifayət qədər qoşulmamasından narazı idi və bu məsələ Rüttenin Tramp ilə görüşündə də açıq müzakirə olunub.
Daha əvvəl Pentaqon rəhbəri Pit Heqset bildirmişdi ki, üzərinə düşən öhdəlikləri yerinə yetirən müttəfiqlər əlavə üstünlüklər əldə edə bilərlər, digərləri isə bunun nəticələri ilə üzləşə bilər. Hazırda mümkün tədbirlərin konkret nədən ibarət olduğu açıqlanmır. Bildirilir ki, sənədin özü və onun tətbiqi ilə bağlı planlar məxfi saxlanılır.
Bizim.Media
































































































