Çağırışçılar Bakıda gecədən növbəyə düzülür - Regionlarda müayinə niyə aparılmır?

Hazırda oxunan: Çağırışçılar Bakıda gecədən növbəyə düzülür - Regionlarda müayinə niyə aparılmır?

646324

Hərbi xidmətə çağırış prosesi zamanı yekun tibbi müayinədən keçmək üçün ölkənin müxtəlif bölgələrindən olan çağırışçılar Bakıya gəlməli olurlar. Bu isə paytaxtdakı tibb müəssisələrində ciddi növbə sıxlığına, vətəndaşların, xüsusilə də bölgələrdən gələnlərin əlavə vaxt və əziyyət çəkməsinə səbəb olur.

Vətəndaşların şikayətlərinə görə, çağırışçılar səhər saat 09:00-da müayinəyə düşə bilmək üçün hətta gecə saatlarından növbə tutmağa məcbur qalırlar.

Bəs nə üçün yekun tibbi müayinə bütün ölkə üzrə yalnız Bakıda aparılır?

Regionlarda niyə müvafiq müayinə mərkəzləri yaradılmır? Çağırışçıların yaşadıqları əraziyə yaxın tibb müəssisələrində müayinədən keçməsi niyə mümkün deyil? Bu istiqamətdə hər hansı dəyişiklik nəzərdə tutulurmu?

Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən bildirilib ki, 2024-cü il iyulun 1-dən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən həyata keçirilir.

Məlumata görə, yekun tibbi müayinə vətəndaşlar barədə tərtib edilmiş Forma 44 və əyani müayinə nəticələri əsasında aparılır.

"Müayinə prosesi ilə bağlı qərar vətəndaşın sağlamlıq vəziyyətinin hərtərəfli qiymətləndirilməsi əsasında qəbul edilir".
 

Bildirilib ki, vətəndaşlar elektron kabinetləri vasitəsilə Agentliyə müraciət etməli olduqları tarix və saat barədə əvvəlcədən məlumatlandırılırlar.


"Təyin olunmuş vaxtda Tibbi Qiymətləndirmə Mərkəzinə gələn vətəndaşların qəbulu operativ şəkildə həyata keçirilir, zəruri tibbi müayinələri təşkil olunur və əldə edilən nəticələr əsasında müvafiq qərar qəbul edilir.

Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzi müasir tibbi avadanlıqlar və tam elektron qeydiyyat sistemi ilə təchiz olunub.

Bu infrastruktur vətəndaşların qəbulunun operativ təşkilinə, müayinə prosesinin səmərəli həyata keçirilməsinə və xidmət keyfiyyətinin artırılmasına imkan yaradır".

Yekun müayinələrin Bakıda təşkili ilə bağlı suala cavab olaraq qeyd edilib ki, DTSEA kimisə müayinəyə dəvət etmir, çagırışçılar müvafiq qaydalara uyğun olaraq Səfərbərlik Xidməti tərəfindən gətirilir.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin