Azərbaycanda içməli su təhlükəsi var? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda içməli su təhlükəsi var? – RƏSMİ AÇIQLAMA

644520

Azərbaycan su ehtiyatları baxımından risk qrupuna daxil olan ölkələrdəndir. Su ehtiyatlarımızın təxminən 70 faizi transsərhəd çayların hesabına formalaşır. Bununla belə, hazırda ölkədə içməli su təminatı ilə bağlı ciddi təhlükə müşahidə olunmur.

Bunu Bizim.Media-nın sualına cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev bildirib.

Onun sözlərinə görə, ölkənin əsas su mənbələrindən biri Kür çayı üzərində yerləşən Mingəçevir su anbarıdır.

Bu anbarda su ehtiyatları yağıntılar və Kür çayından daxil olan su hesabına formalaşır. Mingəçevir su anbarı həm içməli su təminatı, həm də kənd təsərrüfatı, xüsusilə suvarma üçün mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, Azərbaycan ərazisində tam formalaşan Həkəri çayının su ehtiyatlarından da istifadə imkanları mövcuddur. Çayın ekoloji vəziyyətinin əlverişli olması həmin suyun içməli su məqsədilə istifadəsinə yönəlmiş layihələr üçün əhəmiyyətlidir.

Akif Quliyev ölkə üzrə ümumilikdə 141 su anbarının mövcud olduğunu və bu anbarlardan içməli su təchizatı, eləcə də suvarma məqsədilə istifadə edildiyini vurğulayıb. Onun təqdim etdiyi məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il su anbarlarında 2,2 milyard kubmetr daha çox su toplanıb.

Agentlik rəsmisi su ehtiyatlarının artırılması, su təsərrüfatı infrastrukturunun yenilənməsi və su itkilərinin azaldılması istiqamətində işlərin davam etdirildiyini də qeyd edib.

O bildirib ki, Saatlı və Sabirabad rayonlarında 37 min hektar əkin sahəsinə xidmət edən Aşağı Muğan kanalının yenidən qurulması işləri davam etdirilir. Baş Muğan kanalının tikintisinə isə növbəti il başlanılması nəzərdə tutulur. Bununla yanaşı, Bostanlı və Qızılüzən kanalları ilə bağlı layihələr, eləcə də Qarabağ kanalının yenidən qurulması və uzadılması istiqamətində işlər aparılır.

Akif Quliyev əlavə edib ki, bu layihələrin əsas məqsədi su itkilərinin qarşısını almaq, müasir tələblərə cavab verən hidrotexniki qurğular inşa etmək və su ehtiyatlarından daha səmərəli istifadəni təmin etməkdir.

“Su itkilərinin azaldılması və mövcud ehtiyatlardan düzgün istifadə gələcəkdə su qıtlığı risklərinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ona görə də gələcəkdə su itkilərinin qarşısını almasaq, ciddi su riskləri ilə üzləşə bilərik”, - deyə Agentlik rəsmisi bildirib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin