Müəllim adı hər zaman özündə nüfuz, ağırbaşlılıq, məsuliyyət və peşəsinə sədaqət daşıyıb. Müəllim yalnız dərs deyən deyil, həm də davranışı, danışığı və həyat tərzi ilə şagirdlərinə nümunə olan insandır.
Əlbəttə, müəllimin maddi gəlirini artırmaq, halal zəhməti ilə əlavə qazanc əldə etmək üçün dərsdən sonra çalışması nə ayıbdır, nə də qınanılmalı bir haldır. Ancaq necə qazanmaqla yanaşı, bunu necə təqdim etmək də önəmlidir. Məsələn, sosial şəbəkədə ev paltarında, mətbəxdə tum çırtlaya-çırtlaya canlı yayım açıb alver etmək, özü də bu yayımı izləyənlər arasında öz şagirdlərinin və onların valideynlərinin olduğunu bilmək insanı istər-istəməz düşündürür.
Bəlkə də çoxları üçün bu, adi bir gündəlik görüntüdür. Amma unutmamalıyıq ki, şagirdin gözündə müəllim sadəcə bir insan deyil, həm də örnəkdir. Bu gün onun dərs dediyi şagird və onun valideyni müəllimə olan hörmətini eyni şəkildə qoruyub saxlaya biləcəkmi?
Peşə etikasının qırmızı xətti
Əməkdar müəllim, 40 ilə yaxın müəllimlik stajı olan İradə Tağıyeva Bizim.Media-ya mövzu ilə bağlı fikirlərini bölüşdü.
Onun sözlərinə görə, müəllimlik elə bir peşədir ki, onun nüfuzu yalnız məktəbin qapıları arxasında qalmır, hər yerə öz adı ilə yanaşı işlədiyi təhsil müəssisəsinin nüfuzunu da daşıyır:
“Əlbəttə müəllimin şəxsi həyatı, özünə aiddir. Bununla belə, şagirdlərinin və valideynlərin onu izlədiyi ictimai məkanda, ziyafətdə, sosial mediada davranışlarının müəyyən təsir yaratdığını da nəzərə almalıdır. Müəllim bir tərəfdən artıq pul qazanım deyə, digər tərəfdən adına xələl gətirdiyini unutmamalıdır. Yəni itirdiyin, qazandığından artıq olur. Müəllim hörməti təkcə kənardan gözləməli deyil, həm də özünün özünə necə yanaşmasında olmalıdır. Sərhədləri qorumayan, cəmiyyət qarşısında, ələlxüsus şagirdlərinin önündə necə görünməsindən narahat olmayan müəllimənin düşünürəm ki, yeri səhv düşüb.”
Qeyd edək ki, Təhsilverənlərin etik davranış Qaydalarına əsasən, təhsilverən şəxsi həyatında əxlaq, ictimai davranış normalarına əməl etməlidir.
Təhsilverən xidməti fəaliyyətindən kənar sosial münasibətlərinin peşəkar fəaliyyətinə nüfuz etməsinə yol verməməlidir. Təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.
Etik davranış qaydalarına əməl olunmasına nəzarəti müəssisə rəhbəri həyata keçirir. Müəssisə rəhbərliyi etik davranış qaydalarını pozan təhsilverənlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:30 / 27.10.2026
Müəllimlik sinif otağında bitmir... – Canlı açıb alver edənləri nə gözləyir?
Hazırda oxunan: Müəllimlik sinif otağında bitmir... – Canlı açıb alver edənləri nə gözləyir?
Hazırda oxunan: Müəllimlik sinif otağında bitmir... – Canlı açıb alver edənləri nə gözləyir?
644518
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































