Təhsilin yeni sınağı: Süni intellekt düşünməyi zəiflədə bilərmi?

Hazırda oxunan: Təhsilin yeni sınağı: Süni intellekt düşünməyi zəiflədə bilərmi?

636981

Yeni təhsil ilinin başladığı bu günlərdə ölkə gündəmində məktəblərin vəziyyəti, müəllimlərin fəaliyyəti, dərsliklər, qəbul imtahanları, PISA nəticələri, ali təhsilin keyfiyyəti və diplomların əmək bazarındakı çəkisi yenidən müzakirə olunur. Bu ənənəvi mövzuların fonunda daha fundamental bir sual meydana çıxır: süni intellektin sürətlə həyatımıza daxil olduğu bir dövrdə şagird və tələbələrə necə və nəyi öyrədəcəyik?

Süni intellekt artıq sinif otaqlarına və universitet auditoriyalarına daxil olub. Şagird və tələbələrin öyrənmə davranışları sürətlə dəyişir, təhsil proqramları, qiymətləndirmə üsulları və pedaqoji yanaşmalar isə bu sürətə uyğunlaşmaqda çətinlik çəkir. Texnologiyanın inkişaf tempi ilə təhsil sisteminin dəyişmə tempi arasındakı məsafə getdikcə böyüyür.

Məktəb və universitet informasiya ötürməklə yanaşı, insanın düşünmə qabiliyyətini, sosial münasibətlərini, məsuliyyət hissini və dünyagörüşünü formalaşdıran əsas sosial institutlardır. Süni intellekt məlumatı saniyələr ərzində təqdim etdiyinə görə təhsilin əsas sualı da dəyişir: “Nə qədər bilirsən?” sualının yerini “məlumatı necə təhlil edir, yoxlayır, əlaqələndirir və ondan nə yarada bilirsən?” sualı tutur.

Ən ciddi risklərdən biri zehni əməyin tədricən texnologiyaya ötürülməsidir.

 Şagird və ya tələbə düşünmək, mətn qurmaq, hesablamaq və arqument formalaşdırmaq əvəzinə davamlı şəkildə hazır cavab alırsa, öyrənmənin əsasını təşkil edən zehni səy zəifləyə bilər. Süni intellekt insan düşüncəsini genişləndirən vasitə olaraq böyük imkanlar yaradır, lakin onun insanın yerinə düşünən mexanizmə çevrilməsi təhsilin mahiyyətinə təsir göstərə bilər.
 

Bu səbəbdən süni intellektdən istifadə bütün yaş qruplarında eyni formada təşkil olunmamalıdır. Sosial media ilə bağlı yaş məhdudiyyətlərində olduğu kimi, süni intellekt alətləri üçün də şagirdlərin yaş və inkişaf xüsusiyyətlərini nəzərə alan qaydalara ehtiyac var. Xüsusilə yazı, hesablama, məntiqi düşünmə və problem həll etmə bacarıqlarının formalaşdığı mərhələlərdə nəzarətsiz istifadə müəyyən sərhədlər daxilində saxlanmalıdır.


Eyni zamanda qabaqcıl təhsil sistemləri şagirdləri süni intellektdən uzaqlaşdırmaq əvəzinə onunla düzgün işləməyə hazırlayır. 

Çində süni intellekt savadlılığının ibtidai məktəb mərhələsindən başlayaraq yaş səviyyələrinə uyğun şəkildə tədrisə daxil edilməsi istiqamətində addımlar atılır. Sinqapur rəqəmsal və süni intellekt bacarıqlarını məktəb təhsilinin müxtəlif pillələrinə inteqrasiya edir, Cənubi Koreya isə rəqəmsal və süni intellekt əsaslı tədris vasitələrinin tətbiqini genişləndirir. 

Qərb ölkələrində də diqqət yalnız texnologiyaya çıxışa yönəlmir. Avropa İttifaqında süni intellekt savadlılığı, etik istifadə, məlumatın etibarlılığının yoxlanması və rəqəmsal məsuliyyət məktəb təhsilinin vacib istiqamətlərindən biri kimi önə çıxır. Böyük Britaniya məktəb və kolleclərdə generativ süni intellektdən təhlükəsiz və məqsədyönlü istifadə üzrə yanaşmalar hazırlayır.
 

Avstraliyada isə məktəblər üçün generativ süni intellektdən məsuliyyətli istifadəyə dair ümumi çərçivə formalaşdırılıb. Bu modellərin ortaq cəhəti texnologiyanı sadəcə tədrisə daxil etməkdən daha çox, şagirdi onunla tənqidi, etik və yaradıcı şəkildə işləməyə hazırlamaqdır.


Bu yanaşma orta və ali təhsil müəssisələri üçün xüsusilə əhəmiyyətlidir. Süni intellektlə rəqabət edə və eyni zamanda ondan səmərəli yararlana bilən nəsil yetişdirmək üçün tədris üslubu, dərs proqramları və ixtisas məzmunları daha çevik yenilənməlidir.

İllərlə dəyişməyən proqramlarla sürətlə dəyişən əmək bazarına mütəxəssis hazırlamaq getdikcə çətinləşir. Süni intellekt savadlılığı ilə yanaşı tənqidi düşüncə, problem həll etmə, yaradıcılıq, kommunikasiya və məlumatın etibarlılığını yoxlama bacarıqları müxtəlif ixtisasların tədrisinə sistemli şəkildə daxil edilməlidir.

Bu kontekstdə layihə əsaslı təhsilin çəkisi də artırılmalıdır. 

Real problem üzərində işləyən, araşdıran, komanda ilə həll hazırlayan və nəticəsini əsaslandıran şagird və tələbə həm müstəqil düşünməyi öyrənir, həm də süni intellektdən hazır cavab mənbəyi əvəzinə iş və araşdırma aləti kimi istifadə edir.

Ev tapşırığı anlayışına da yenidən baxmağa ehtiyac yaranır. Şagird və tələbə verilmiş esse, mətn və ya məsələnin hazır cavabını saniyələr ərzində əldə edə bilirsə, ənənəvi ev tapşırıqlarının bir hissəsi funksiyasını itirir.

Dərs zamanı dərslik, mətn və müəllimlə birbaşa işləməyə daha çox vaxt ayrılması, əsas tapşırıqların müəyyən hissəsinin sinif və auditoriyada yerinə yetirilməsi daha səmərəli ola bilər. Beləliklə, müəllim yalnız nəticəni yox, düşünmə prosesini də müşahidə edə bilər.

Qiymətləndirmə sistemi də bu reallığa uyğunlaşmalıdır. 

Hazır mətn və cavab istehsalının asanlaşdığı şəraitdə şifahi müdafiə, müzakirə, arqumentasiya, situasiya təhlili, layihə işi və problem həllinə əsaslanan üsulların çəkisi artmalıdır. Tələbənin nə yazdığı qədər necə düşündüyü, mövqeyini necə əsaslandırdığı və əldə etdiyi biliyi necə tətbiq etdiyi də əsas meyarlardan birinə çevrilməlidir.
 

Müəllimin rolu da yenilənir. İnformasiyanı ötürən müəllim modelindən şagird və tələbəni istiqamətləndirən, doğru sual verməyə, müqayisə aparmağa, şübhə etməyə və müstəqil nəticəyə gəlməyə sövq edən müəllim modelinə keçid sürətlənəcək. Texnologiyanın gücləndiyi bir dövrdə müəllimin motivasiya, etimad, ünsiyyət və intellektual istiqamətləndirmə funksiyası daha böyük əhəmiyyət qazanır.


Süni intellekt fərdiləşdirilmiş öyrənmə, çevik qiymətləndirmə və bilik mənbələrinə çıxış baxımından böyük imkanlar yaradır. Təhsil siyasətinin qarşısında duran əsas vəzifə isə harada texnologiyadan yararlanmaq, harada şagird və tələbəni özü düşünməyə, araşdırmağa və səy göstərməyə yönəltmək arasında düzgün tarazlıq yaratmaqdır.

Yeni təhsil ilinin başlanğıcında bəlkə də ən vacib sual budur: Süni intellekt şagird və tələbələrin yerinə düşündükcə, təhsil sistemi onlara müstəqil düşünməyi necə öyrədəcək?

Gələcəyin uğurlu təhsil sistemi texnologiyadan ən çox istifadə edən sistem yox, süni intellektin imkanları ilə insan zəkasının inkişafı arasında düzgün tarazlıq yarada bilən, proqramlarını çevik yeniləyən və öyrənəni hazır cavabın istehlakçısından yaradıcı düşüncənin subyektinə çevirən sistem olacaq. 

Professor Əbülfəz Süleymanlı 
[email protected]
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin