181 yerdən 169-u boş qaldı – Həkimlər niyə Azərbaycanda rezidentura oxumaq istəmir?

Hazırda oxunan: 181 yerdən 169-u boş qaldı – Həkimlər niyə Azərbaycanda rezidentura oxumaq istəmir?

636806

Rezidentura üzrə plan yerlərinin bir hissəsinin boş qalması son qəbulda da diqqət çəkib. Belə ki, 181 boş yerə cəmi 19 namizəd müraciət edib, onlardan 12-si qəbul olunub. Qalan yerlər isə yenə də boş qalıb. Bu vəziyyət bəzi ixtisaslara həkim namizədlər arasında marağın az olduğunu göstərir.

Bəs həkimlər niyə ölkədə rezidentura təhsilini seçmir?

Məsələ ilə bağlı Bizim.Media tibb elmləri doktoru, professor Adil Qeybullanın fikirlərini öyrənib.

Onun sözlərinə görə, ali məktəbi bitirərək müəyyən tibb təhsili almış həkimlərin böyük bir qismi ölkəni tərk edir və Türkiyə, Almaniya, eləcə də Amerikaya gedirlər.

Orada imtahan verib rezidenturaya qəbul olunur və həmin ölkənin həkimi kimi fəaliyyət göstərirlər:

“Xarici ölkələrə axın böyükdür və bu axının qarşısını alacaq həlledici bir vasitə yoxdur. Nə cəlbedici, stimullaşdırıcı vasitələr var, nə də inzibati tədbirlərlə bunu həll etmək mümkündür.

Rezidentura yerlərinin boş qalmasının ikinci səbəbi isə konkret olaraq rezidentura imtahanının tətbiq edilməsidir. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Çünki ali tibb təhsilini bitirmiş şəxs istənilən ixtisası seçib mütəxəssis ola bilər.

Sadəcə olaraq, rezidentura burada bir maneədir. İnsanlar bu maneəni burada keçməkdənsə, xarici ölkələrdə rezidentura təhsili almağa üstünlük verirlər”.

Bəziləri həmin ölkələrdən Azərbaycana qayıtsa da, əksəriyyəti xaricdə qalır

Ekspertin fikrincə, bununla bağlı kompleks tədbirlər işləyib hazırlamaq lazımdır.

“Biz gənc kadrları bu vəziyyətdə itirə bilmərik. Düzdür, həkimlərimizin Almaniyada, Türkiyədə və digər ölkələrdə təcrübə keçməsi Azərbaycan səhiyyəsinin gələcəyi üçün yaxşıdır. Lakin bunun üçün həmin mütəxəssislərin ölkəyə qayıdıb burada həvəslə işləməsi vacibdir. İndi isə bunun baş verib-vermədiyi sual altındadır”, - ekspert qeyd edir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin