İki ay əvvəl bağlanması qərarı verilən “Vital Hospital” hələ də fəaliyyətini davam etdirir

Hazırda oxunan: İki ay əvvəl bağlanması qərarı verilən “Vital Hospital” hələ də fəaliyyətini davam etdirir

636935

İyulda aparılan yoxlama zamanı çoxsaylı nöqsanlar aşkarlanıb və stasionar tibbi xidmətin dayandırılması qərara alınıb. Lakin “Vital Hospital” fəaliyyətini davam etdirir.

Bizim.Media xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) iyulun 31-də yaydığı məlumatdan sonra “Vital Hospital”la bağlı bir sıra suallar açıq qalır.

Belə ki, iyulun 21-23-də “Vital Hospital” kimi tanınan “SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ” MMC-də plandankənar yoxlama keçirilib. AEM-in məlumatına görə, yoxlama zamanı insan həyatı və ya sağlamlığına zərər verə biləcək bir sıra qanun pozuntuları aşkarlanıb.
 

Nəticədə müəssisədə stasionar tibbi xidmətin fəaliyyətinin dayandırılması qərara alınıb və nöqsanların 10 iş günü ərzində aradan qaldırılması sahibkara tapşırılıb. Müddət başa çatdıqdan sonra təkrar yoxlama keçiriləcəyi bildirilib.


Lakin 10 iş günü keçdikdən sonra da klinika fəaliyyətini davam etdirir. “Vital Hospital” avqust ayında olduğu kimi sentyabrda da işləyib, hətta yaxın günlərdə burada doğuş prosesinin həyata keçirildiyi məlum olub.

Klinikada hansı nöqsanlar aşkarlanıb?

AEM-in məlumatına görə, tibbi alətlərin dezinfeksiya və sterilizasiyası, həmçinin dezinseksiya və deratizasiya tədbirləri tələblərə uyğun aparılmayıb. Bir sıra ixtisaslar üzrə prosedur və müayinə otaqları təşkil edilməyib, kardioloq və ginekoloqun qəbul otağı birgə istifadə olunub.

Peyvəndlərin saxlanması üçün məişət tipli soyuducudan istifadə edildiyi, biomaterial və reagentlərin eyni soyuducuda saxlandığı aşkarlanıb. Rentgen fəaliyyəti üzrə xüsusi icazənin müddətinin bitdiyi, radioloji gigiyenik pasportun təqdim edilmədiyi müəyyənləşdirilib.

Bundan başqa, tibbi tullantıların idarə olunması və çeşidlənməsi, kəsici tullantıların təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb. Bəzi tibb işçilərinin ixtisaslarına uyğun vəzifəyə təyin edilmədiyi, bəzi əməkdaşların əmək müqavilələrinin təqdim olunmadığı bildirilib.


Yoxlama zamanı, həmçinin lisenziyadan kənar kosmetoloji fəaliyyət, yararlılıq müddəti bitmiş dərman və tibbi vasitələr, eləcə də dərmanların saxlanma qaydalarına əməl edilməməsi halları müəyyən edilib.

Bəs qərar icra olunubmu?

AEM-in açıqladığı 10 iş günlük müddət artıq başa çatıb. Lakin təkrar yoxlamanın nəticəsi və stasionar tibbi xidmətin fəaliyyətinin dayandırılması ilə bağlı sonrakı qərar ictimaiyyətə açıqlanmayıb.

Məsələ ilə bağlı AEM-ə dəfələrlə sorğu göndərilib. Mərkəzdən Bizim.Media-ya bildirilib ki, qərar olduqda məlumat paylaşılacaq.

“Qərar yoxdursa, klinika fəaliyyətini necə davam etdirir?” sualına isə AEM-dən “Ya qərar verilib, ya da... Güman ki, qərar bizdə sabah olacaq” cavabı verilib.
 

Beləliklə, əsas sual hələ də açıq qalır. İyulda insan həyatı və ya sağlamlığına zərər verə biləcək nöqsanların aşkarlanması və stasionar tibbi xidmətin dayandırılması barədə qərar verildiyi açıqlanan “Vital Hospital” hazırda hansı hüquqi əsasla fəaliyyətini davam etdirir?


Xatırladaq ki, iyul ayında “Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilmişdi. Bu barədə zərərçəkən sosial media hesablarında paylaşım etmişdi.

Paylaşımlarda zərərçəkən şəxs iddia edib ki, heç bir müalicəsinə, müayinəsinə baxmayaraq, körpəsi ölü doğulub və onun meyiti morqa qoyulmayıb, zirzəmiyə atılıb. Məsələ ictimailəşəndən sonra Səhiyyə Nazirliyinin Analitik Ekslertiza Mərkəzi “Vital Hospital” da araşdırmalara başlayıb və yoxlama nəticəsində insan həyatı və ya sağlamlığına zərər verəcək bir sıra qanun pozuntuları aşkar edib.

Fəridə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin