Erməni vəhşiliyinin əyani sübutu olan Quba Soyqırımı Memorial Kompleksinin bərpası gecikir. Bir neçə ildir kompleksin əsaslı şəkildə bərpa ediləcəyi bildirilsə də prosesə hələ də başlanılmayıb.
Çəkiliş qrupumuz Quba Soyqırımı Memorial Kompleksinə baş çəkərək real vəziyyəti yerində müşahidə edib:
Kompleksin təkcə xarici görünüşü deyil, daxili hissəsi də acınacaqlı vəziyyətdədir. Tavandan sızan yağış suları taxta konstruksiyalara ciddi ziyan vuraraq onları yararsız hala salıb.
Kompleksə aparan pilləkənlərdə də iri çatlar yaranıb. Bərpa işləri gecikdikcə vəziyyət daha da kritikləşir.
Məsələ ilə bağlı sorğumuza Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova şifahi şəkildə bildirdi ki, bərpa işləri ilə bağlı tender artıq keçirilib və yaxın zamanda təmir işlərinə başlanılması nəzərdə tutulur. Lakin işlərin dəqiq başlanma tarixi barədə məlumat verilməyib.
Aytəkin Alxaslı, Vüqar Ağayev, Bizim.Media,Şimal bürosu




































































































