Azərbaycanda ilk dəfə heyvanların elektron izləmə sistemi yaradılacaq

Hazırda oxunan: Azərbaycanda ilk dəfə heyvanların elektron izləmə sistemi yaradılacaq

618895

Azərbaycanda ilk dəfə olaraq bütün iribuynuzlu heyvanların identifikasiyası və elektron izləmə sistemi yaradılacaq.

Bizim.Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, yeni Dövlət Proqramı çərçivəsində iribuynuzlu heyvandarlığın inkişafı əsas prioritet istiqamətlərdən biri olacaq:

"İlk dəfə olaraq dövlət büdcəsi hesabına bütün iribuynuzlu heyvanların identifikasiyası aparılacaq və onların elektron izlənilməsi sistemi qurulacaq. Proqram çərçivəsində yeni süd və ət klasterlərinin yaradılması, damazlıq heyvanlarla təminatın genişləndirilməsi, süd və dəri toplama məntəqələrinin yaradılması, eləcə də yem istehsalı sahəsində texnologiyaların yenilənməsi nəzərdə tutulur".

Nazir həmçinin qeyd edib ki, Azərbaycanda heyvandarlığa verilən subsidiyaların həcmi artırılacaq:

"Ötən il kənd təsərrüfatı məhsulları istehsalının təxminən 50 %-i heyvandarlığın payına düşsə də, sahəyə ayrılan birbaşa subsidiyaların həcmi cəmi 6 % təşkil edib. Yeni Dövlət Proqramında bu nisbətin dəyişdirilməsi nəzərdə tutulur. Heyvandarlıq sektoruna yönələn subsidiya və dəstək mexanizmləri genişləndiriləcək. Emala təhvil verilən süd üçün xüsusi subsidiyaların tətbiqi, damazlıq heyvanların alınmasına dəstək, yeni cins heyvanlar üçün təşviq mexanizmləri və avadanlıq subsidiyalarının verilməsi planlaşdırılır. Heyvandarlıq qarşıdakı illərdə dövlət dəstəyinin ən çox yönələcəyi sahələrdən biri olacaq". (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin