Məlum olduğu kimi, bu gün Qusarın dağlıq Laza kəndində yerli vaxtla 14:38-də torpaq sürüşməsi baş verib.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media-nın Şimal bürosu Laza kəndində sürüşmənin təfərrüatları ilə maraqlanıb.
Yerli sakinlərdən əldə olunan məlumata görə, sürüşmə kənddən 5 km aralıda, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən Qızılqaya dağ massivi və Heydər Əliyev zirvəsinin yanından başlayıb. Sürüşən məsafənin həcmi açıqlanmır.
Bildirilib ki, son günlər müşahidə olunan güclü və intensiv yağıntılardan sonra dağ süxurlarından başlayan sürüşmə Qusarçaya doğru axıb. Laza kəndi və evlər üçün hər hansı təhlükə olmadığı deyilir.
Qeyd edək ki, Laza kəndi Qusarda sürüşməyə, palçıq püskürmələrinə meylli yaşayış məntəqələrindən biridir. 1993-cü ildə bu kənddə palçıq vulkanı püskürmüşdü. 2025-ci il sentyabr ayının 22-də isə güclü yağıntılar nəticəsində Qızılqaya dağ massivindən dağ süxurları suya qarışaraq kəndə doğru axmışdı.
Yerli icra hamimiyyətinin gördüyü qabaqlayıcı tədbirlərlə palçıq layının qarşısı alınmışdı. Bu gün isə sürətlə əriyən qar sularından və intensiv yağışlardan sonra sürüşmə baş verib.
Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu.

































































































