Vətənə, xalqa sevgi və şəhidlərin xatirəsinə əbədi sayğı hər bir kəsin vətəndaşlıq borcudur.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qax rayonunun Dəymədağlı kəndindən olan şairə-yazar, bir çox kitabların müəllifi Səriyyə Vəlizadə növbəti nəcib əməli ilə hər kəsin rəğbətini qazanıb. Qax rayon şəhidlərinin həyat yolunu gələcək nəsillərə çatdıran, "Şəhidlər Kitabı"nın müəllifi olan Səriyyə xanım həm də şəhid ailələrinin daim yanında olması ilə seçilir.
O, doğma kəndi Dəymədağlıda şəhid Ceyhun Mustafayevin əziz xatirəsini yaşatmaq məqsədilə öz şəxsi vəsaiti hesabına bulaq inşa etdirib. Bu bulaq sadəcə bir su mənbəyi deyil, həm də Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın xatirəsinə göstərilən böyük ehtiramın, şəhid ailələrinə verilən mənəvi dəyərin rəmzidir.
Belə insanlar cəmiyyətimizin mənəvi sütunlarıdır. Onların gördüyü işlər təkcə bu gün üçün deyil, gələcək nəsillərə də bir örnəkdir. Şəhidlərimizi unutmayaraq onların adını yaşatmaq, xatirələrini əbədiləşdirmək hər birimizin mənəvi borcudur.
Şəhid bulağının rəmzi açılışı şəhidin ailəsi və yaxınlarının iştirakı ilə baş tutub. Bu xeyrxah əməl hər kəsin rəğbətinə və sevgisinə səbəb olub. İndi Dəymədağlı kənd sakinləri və kəndin qonaqları bu küçədən keçəndə şəhid bulağından su içib sərinləyə, şəhidlərimizi bir daha rəhmətlə ana biləcəklər.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu






























































































