Yarım əsrdən sonra yenidən BİR ARADA - Kiçik Dəhnə məzunlarının görüşündə DUYĞULU ANLAR - videoreportaj

Hazırda oxunan: Yarım əsrdən sonra yenidən BİR ARADA - Kiçik Dəhnə məzunlarının görüşündə DUYĞULU ANLAR - videoreportaj

616205

Məktəb illəri insan ömrünün ən saf, ən unudulmaz çağlarıdır. İllər keçir, həyat dəyişir, insanlar müxtəlif yollar seçir, amma sinif otaqlarında yaranan dostluq, və uşaqlıq xatirələri yaddaşlardan silinmir. Bu dəfə həmin kövrək duyğular Şəkinin Kiçik Dəhnə kəndində yenidən canlandı.

1976-cı ildə Kiçik Dəhnə kənd orta məktəbini bitirmiş məzunlar düz 50 ildən sonra doğma məktəblərində bir araya gəldilər. Görüşə ilk gələn sinfin əlaçı şagirdlərindən biri Yetər Rəsulova oldu. Ardınca Şəfiqə Şirinova, Suqrət Xalıqova və digər sinif yoldaşları da qısa müddətdə toplaşdılar. Bu görüşə yalnız 10-cu sinif məzunları deyil, vaxtilə birlikdə oxumuş 8-ci sinif yoldaşları da qatılmışdı. Görüşdən öncə kənd qəbiristanlığını ziyarət edərək dünyasını dəyişmiş səkkiz sinif yoldaşının xatirəsi ehtiramla yad olundu.

Daha sonra tədbir məktəbin sinif otaqlarından birində davam etdi. Keçmiş sinif nümayəndəsi, bu məktəbdə 43 il ingilis dili müəllimi işləmiş Abid İsmayılov məzunlara məktəbin keçdiyi inkişaf yolundan danışdı.
 

O bildirdi ki, onların oxuduqları sinif otağı artıq mövcud deyil. Məktəb 2008-ci ildə mərhum direktor Şubay Abdullayevin rəhbərliyi ilə əsaslı təmir olunarkən həmin sinif sökülərək yenilənib. Məktəbin yenidən qurulmasında Şubay Abdullayevlə yanaşı, Yaşar Alxasovun və o dövrdə Şəki İcra Hakimiyyətində çalışan Firudin İbrahimovun da böyük zəhməti olub.


Məktəbin tarixi ilə bağlı maraqlı məqamlar da xatırlandı. Vaxtilə kənddə biri səkkizillik, digəri orta məktəb olmaqla iki təhsil ocağı fəaliyyət göstərirdi. Hazırda isə hər iki məktəb tam orta məktəb kimi fəaliyyətini davam etdirir. Yeni tikilən bina 1 saylı məktəb, məzunların oxuduğu köhnə bina isə 2 saylı məktəb adlanır.

Yubiley görüşündə 9 və 10-cu sinifləri oxumaq üçün “yuxarı məktəb”dən gələn şagirdlərin əksəriyyəti də iştirak edirdi. Zemfira Cəlalova, Mirvari Qasımova, Naibə Babayeva, Aqilə Musayeva, Kamilə Musayeva və Suqrət Xalıqova ötən illərin xatirələrini bir daha bölüşdülər.

50 il əvvəl eyni sinifdə təhsil alan insanlar bu gün müxtəlif peşələrin sahibidirlər. Zakir Qurbanov həkim, Zemfira Cəlalova ginekoloq, Abid İsmayılov və Yetər Rəsulova ingilis dili müəllimi, Qərənfil Bədəlova, Naibə Babayeva və Mirvari Qasımova ibtidai sinif müəllimi, Bəxtiyar Hümmətov isə yol mühəndisidir.
 

Sinif yoldaşlarının bir qismi evdar qadın, digərləri isə müxtəlif peşə sahibləridir. Amma həmin gün bunların heç biri önəm daşımırdı. Nə vəzifə, nə titul, nə də illərin gətirdiyi fərqlər... Hamını birləşdirən yalnız uşaqlıq dostluğu və xoş xatirələr idi.


Görüşə sinfin ən yaşlı şagirdi — hamının “Vidi” deyə çağırdığı Vidadi İsrafilovun qatılması isə tədbirə xüsusi rəng qatdı.

Hazırda Bizim.Media informasiya portalının Şimal bürosunda çalışan sinif məzunu – mən Aytəkin Alxaslı keçmiş sinif yoldaşları, bu gün isə müəllim kimi fəaliyyət göstərən Abid İsmayılov və Yetər Rəsulova ilə həmsöhbət oldum.

Kövrək duyğularla başlayan görüş daha sonra kəndin məşhur “Baloğlan” şadlıq sarayında davam etdi. Sinif yoldaşları süfrə arxasında bir daha məktəb illərini xatırladılar.


























Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim.Media-nın Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin