Azərbaycanda ailələr buna görə dağılır – Əsas səbəb AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda ailələr buna görə dağılır – Əsas səbəb AÇIQLANDI

614605

“Ailə institutu əsas sosial institutlarından biridir və o, cəmiyyət həyatında bir çox funksiyalar yerinə yetirir. Onlardan biri də demoqrafik inkişafla bağlıdır. Ailə institutu və onunla sıx bağlı olan nikaha daxilolmalar, boşanmalar və yaxud digər problemləri kompleks şəkildə təhlil etdiyimiz zaman statistikalarda neqativə doğru enişin baş verdiyini görürük”.

Bu sözləri sosioloq Ağasəlim Həsənov Bizim.Media-ya açıqlamasında boşanmaların artması məsələsindən danışarkən qeyd edib. Sosioloq bildirib ki, hazırda ailələrdə çoxsaylı münaqişələr müşahidə olunur:

“Sosial-iqtisadi, sosial-psixoloji mahiyyətli, ailə üzvlərinin fərdi azadlığı, əmək bölgüsü, gəlir və mülkiyyət məsələləri ilə bağlı çoxsaylı ailədaxili münaqişələr müşahidə olunur. Bu da boşanmalara səbəb olan amillər sırasındadır.

Digər səbəblərdən biri isə ailəyə kənar müdaxilələrin olmasıdır.

Bundan başqa ailədə daha çox kişilərin zərərli vərdişlərə, narkomaniya və alkoqolizmə qurşanmasını göstərmək olar. Bu kimi hallar ailə daxilində narazılıqlara gətirib çıxarır və artıq ailə şəraitində yaşamağı mümkünsüz edir. Bu səbəbdən də tərəflərdən birinin istəyi və iradəsi ilə boşanma aktı reallaşır. Belə situasiyalarda boşanma bəzən ən optimal yol kimi dəyərləndirilir və bu amil də boşanmaların artmasına təsir edən səbəblər sırasındadır.

Bundan başqa, zorakılıq və şiddət məsələsi də ailə daxilində daha çox müşahidə olunur. Kişilər tərəfindən qadınlara, bəzən də övladlara qarşı zorakılıq, şiddət, hətta işgəncə halları ilə qarşılaşırıq. Çox kiçik istisnalar olsa da, bəzən ailədə qadınlar tərəfindən də övladlara qarşı zorakılıq halları müşahidə olunur”.

Bəs uzunmüddətli konfliktli evliliklərin davam etməsi ilə boşanma arasında cəmiyyət üçün hansı daha ciddi nəticələr yarada bilər?

A. Həsənov qeyd edir ki, münaqişəli evlilikdənsə sivil boşanma daha optimal yol kimi qəbul edilə bilər.

“Uzunmüddətli konfliktli ailələrlə normal ailələrin boşanması arasında müqayisə apardıqda bunun cəmiyyət üçün hansı nəticələr doğura biləcəyi maraqlı məsələdir. Çünki uzunmüddətli konflikt şəraitində yaşayan ailələr bəzən boşanmadan daha ağır və faciəvi nəticələrlə qarşılaşa bilirlər. Hətta bu hallar ölümlə də nəticələnə bilir. Azərbaycanda bununla bağlı kifayət qədər fakt və statistika mövcuddur. Belə situasiyalarda övladlar da ciddi travmalar alırlar. Bu baxımdan müqayisə aparanda boşanma bəzən ən sivil yol hesab oluna bilər.

Biz boşanmanı təqdir etmirik. Kaş ailələr daxilində qarşılıqlı anlaşma mühiti olsun, övladlar sağlam ailədə tərbiyə alsınlar. Çünki ailə cəmiyyətin təməlidir və hər şey ailədən başlayır”.

Sosioloq son olaraq əlavə edib ki, ailə üzərində baş verən mənəvi deqradasiyalar gələcəkdə cəmiyyət həyatında çox böyük fəsadlara səbəb ola bilər.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci il ərzində ölkədə 48 min 546 nikah və 20 min 675 boşanma halı qeydə alınıb.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin