Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Caqar kəndində sakinlərin səyyar qəbulunu keçirib.
Bizim.Media xəbər verir ki, səyyar qəbulda RİH başçısı Aparatının, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, aidiyyəti idarə, müəssisə rəhbərləri, Caqar və Çətkün kəndlərinin sakinləri iştirak edib.
Səyyar qəbul zamanı sakinlərin müraciətləri sırasında kəndin mavi yanacaqla təmin olunmaması və yanacaq kimi istifadə olunan oduncağın qiymətinin baha olması xüsusi vurğulanıb, kənd yolunun asfaltlanması xahiş edilib.
Sakinlərin sözlərinə görə, kənddə demoqrafik vəziyyət kəskin şəkildə dəyişib. Gənclərin və əmək qabiliyyətli əhalinin böyük əksəriyyəti iş və təhsil məqsədilə kəndi tərk edib.
Nəticədə kənddə daimi yaşayan ailələrin sayı azalıb. Mövcud vəziyyətə baxmayaraq kənddə 56 şagird yerlik ibtidai məktəb fəaliyyətini davam etdirir. Hazırda məktəbdə 6 şagird təhsil alır, tədris prosesi 2 müəllim tərəfindən həyata keçirilir. İcra başçısı məktəbin fəaliyyəti, şagirdlərin tədris şəraiti ilə maraqlanıb.
Sakinlərin müraciətləri sırasında işlə təminat, qəzalı vəziyyətdə olan elektrik dirəyinin dəyişdirilməsi, kənd ərazisində yerləşən köhnə binanın sökülməsi məsələləri də yer alıb.
Qaldırılan hər bir məsələ diqqətlə dinlənilib, qeydiyyata alınıb, həlli istiqamətində müvafiq tapşırıqlar verilib. İcra başçısı sosial-iqtisadi inkişaf üçün qarşılıqlı məsuliyyətin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, yerli büdcənin formalaşması və infrastruktur layihələrinin maliyyələşdirilməsi bilavasitə vergi intizamından asılıdır.
Bu baxımdan, kənd sakinlərinin vergi öhdəliklərini vaxtında yerinə yetirməsi zəruridir. Eyni zamanda, icra başçısı əhalinin məşğulluğunun təmin edilməsinin prioritet istiqamətlərdən olduğunu bildirib.
O, qeyd edib ki, məşğulluq orqanlarına müraciət edib imtina cavabı alan vətəndaşların müraciətləri ayrıca təhlil ediləcək.
Qusar Rayon İcra Hakimiyyəti əhalinin müraciətlərinin yerində dinlənilməsi, mövcud problemlərin həlli məqsədilə yerlərdə səyyar qəbulları mütəmadi olaraq davam etdirir.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.




































































































