Yasamal tərəfdən səmada tüstü görsəniz, bilin ki, təpəmdən çıxan tüstüdü, yanıram.
Bəlkə də “Sovetski”nin sökülmək qərarına məndən çox sevinən olmamışdı. Qurban demişəm Mir Mövsüm ağanın ziyarətgahına ki, Yasamal da sökülsün. Belə alayı cür sökələr e... buranı. Traktorun “çalosunu” salalar o başdan, qamarlayıb götürələr buraları, lap o tərəfə, uzaqlara. Aparıb tökələr yolların çuxuruna. Sən, Selincer oxuyanda, bunlar Mahirin “Yenə türmə, yenə qazamat” meyxanasını əzbərləyirdi. O vaxtdan belə olub, lap o lotuların vaxtından. “Məhləyə yad adam girə bilməz” prinsipi ilə böyüyüb, qonşuların qeyrətini çəkən “ataşların” adətən evlərindən xəbərləri olmayıb, elə indi də yoxdu.
Özünü “Korennoy Bakılı” adlandıran bu şəhər çobanları, atamı yandırır da mənim. Küçənin o başından girirsən, biri burda dizlərini qucaqlayıb oturub, biri o tərəfdə “kulivatdıyır”. Ağzından axan su ayaqları altında gölməçə yaradır, “kefir” içməkdən dişləri də yoxdur.
Axı nəyə lazımdı bunlar? Kimə lazımdı? İnsanlıq bir yana, bunlar heyvanlıqdan çıxıblar daha. Aparasan hərbi atış məntəqələrində hədəf kimi istifadə eləyəsən bunlardan. Boş yerə oksigen işlədirlər, evdə analarına, uşaqlarına yazıq...
Bir vaxtlar Yasamalda göyərçin saxlamaq dəb idi. İki evdən bir saxlayırdılar. Hər kəs öz göyərçinini, hətta, iki küçə o tərəfdə yaşayan quşbazın göyərçinini də tükünün rəng çalarına kimi tanıyırdı. Narkotika satışı ilə məşğul olanlar adətən erkək göyərçinlər saxlayardı. Yox, bunlar məktub yollamırdı göyərçinlə. “Mal“ yollayırdılar. Xüsusi üsulla “malı” bükürdülər kağıza, bağlayırdılar quşun ayağına, uçururdular. Göyərçin qayıdanda ayağına “mal” əvəzinə pul bağlanmış olurdu. O vaxtlar məhəllə “kişiləri” günəbaxan kimi ancaq göyə boylanırdılar, quş gözləyirdilər. Quşbazlar!
İndi də texnologiyanın inkişafı ilə əlaqədar müasir üsullar düşünüblər. Ordan-burdan pul toplayıb gedirlər İrana, Məşhəd şəhərinə - “ziyarətə”. Onu da deyim ki, buralarda Məşədi statusu almaq, Hacı statusundan da irəlidi. Hələ daha sanballı statuslar var: “Məşədi Kərbəlayi filankəs”. Məşhəddə “zibil” zibil kimidi... Su qiymətinə! Bir həftəyə həm Məşədi olurlar, həm də dayanmadan “uçub” gəlirlər. Həm ziyarət, həm ticarət. Deyir, müqəddəs yerlərin verdiyi həzz bir başqa olur, konkret dünyadan ayrılırsan, birbaşa transda olursan. Hərəsi özü boyda İranlıdı bunların. Vicdanın “c”- si burda “j” olub - “vijdan”! Qiyməti də Yasamal bazarında camaata kənd toyuğu adı ilə sırınan “inqubator”ların qiymətindən dəfələrlə ucuzdu. Meyxana ilə mənəvi qidasını alıb, türməyə düşdüyü oğurluq maddəsini xatırlayıb orqazma çatanı var buraların. Dini musiqilərin sədaları altında iynələnən “ataşlar” onun- bunun geyiminə, saqqalına ilişib əxlaq dərsi keçənlərdi ki, beş manata görə anasını təhqir eləyir zəhrimarın vaxtı gələndə.
Əlbəttə, ucdantutma narkoman deyillər, amma, ən azı hər evdə biri olub, ya da var. Məhəlləyə şortiklə gələndə baxışları ilə söyürlər adamı, “Ataş, petuxsan sən? Bu şalvarın kişi üçün olanı yoxdu? Kişi qırmızı geyinməz, brat”.
Biri mənə başa salsın görək, nədi axı bu kişi olmaq? Kişi necə olur? Hansı kitabda yazılıb bu qanun? Əgər kişilər, Yasamal, “Sovetski” kimi ərazilərdə iynə-iynə, möhür-möhür məhv olan məməlilər isə, mən istəmirəm o statusu. Alnında möhür izi olan bu “kişilərin” quyruqları adamın ayağına dolaşır. Deyirəm yığasan bunların hamısını bir marketə, İran nemətləri adı ilə satasan. Bir də görürsən, dodaqlarında “Bakuş” (İrandan gələn şirniyyat növü) qırıntıları olan biri yaxınlaşır ”“ “Ataş, içəri (türməyə) qrev (maddi yardım) yığırıq, yaxşı qardaşlar oturur içəridə, ehtiyacları qalmasın. Gör, nəyə gücün çatır”. Mürtədlər bu adla pul yığıb, pivə-zad içirlər. “Yaxşı qardaş” dedikləri toyuq, telefon, marketlərdən siqaret, kontur oğurlayanlardı.
İmanımı yandıra bilmərəm, ya iki ay, ya da üç ay öncə qonşumuz qapı-qapı düşüb pul yığdı ki, imam ehsanı verəcəm! Əlavə olaraq fond kimi bir şey də yaradaq. Kimin xəstəsi, ehtiyacı olsa o puldan verək. Hər evdən 10 manat. İmam adı eşidəndə ”Yox” deməyə dil dönmür.
Ehsan süfrəsində cəmi-cümlətani otuz manatlıq ərzaq ya var idi, ya da yox. Nə xəstə, nə ehtiyac? Bir ay keçməmiş, “İran nemətləri” dükanı açdı.
Keçən dəfə 40 yaşlı biri serrozdan öldü. Burda adətən yas mərasimlərində ölü unudulur, “Ya Hüseyn!” hayqırıb ağlayırlar, arvadlar “şram” atır özlərinə. Ölən adamın balaca oğlu var, ikinci sinifdə oxuyur. Gəlib qardaşıma deyib ki, əmi, atamdan başqa da ölən var?
Bu cəngəlliyə bənzəyən küçələrdən keçəndə, hər dəfə ayağımın altında iynə qalır. İynə özü boyda adama çevrilir, əllərini uzadıb kömək diləyir. Sonra, qan damcıları şəklində uşaqlara parçalanıb, yenə iynə olur.
Gəlin, Məşədi Məməlidən hər gün buralarda ölən mədəniyyətin, maarifin, beyinlərin ruhuna bir fatihə oxumasını xahiş edək...
Traktorun “çalosunu” salalar o başdan, qamarlayıb götürələr buraları, lap o tərəfə, uzaqlara... Aparıb tökələr yolların çuxurlarına.
































































































