Ölü heyvan və insan sümüyündən hazırlanan diş implantları – Yeni sahibinin şəxsiyyətini dəyişə bilərmi?

Hazırda oxunan: Ölü heyvan və insan sümüyündən hazırlanan diş implantları – Yeni sahibinin şəxsiyyətini dəyişə bilərmi?

629076

Ölmüş bir insanın və ya heyvanın sümüyündən hazırlanan diş implantları əvvəlki orqanizmin DNT-sini, xarakter və xəstəliklər “siyahı”sını yeni sahibinə ötürə bilərmi? Son zamanlar bu cür ürküdücü iddialar implant diş qoydurmağa hazırlaşan insanlarda tərəddüd yaradır və bu mövzu nəinki pasiyentləri, bəzən stomatoloqları da narahat edir.

Bəs bu xalq arasında yayılmış mifdir, yoxsa elmi əsası var?
 

MÖVZU İLƏ BAĞLI:

5 il ərzində yeni dişləriniz çıxa biləcək - Dərman hazırlandı


Mövzu ilə ilə əlaqədar stomatoloq Namiq Səfərov Bizim.Media-ya bildirdi ki, istər insandan alınmış alloqreft, istərsə də heyvan mənşəli ksenoqreft adlanan sümük donorları ciddi şəkildə emal edilir və sterilizasiya olunur.

“Elm əvvəlki DNT-nin yeni sahibinə sümük vasitəsilə ötürülməsini təsdiqləmir. Bununla bağlı etibarlı mənbələr yoxdur, olsa-olsa filmlərə, əsərlərə əsaslanan narahatlıqlardır. Ümumiyyətlə sümüklə donorun genetik xüsusiyyətlərinin xəstəyə keçməsi, irsi xüsusiyyətlərin dəyişməsi mümkün deyil.  

Bu materiallar istifadə edilməzdən əvvəl emal olunub canlı hüceyrələr çıxarılır ki, infeksiya riski minimuma endirilsin. Zaman keçdikcə sümük təməlinin ətrafında xəstənin öz hüceyrələri formalaşır, başqa cür desək, onu özününküləşdirir. Burada əsas risklər irsi məlumat ötürülməsi deyil,  infeksiya təhlükəsi və implantın sümüklə kifayət qədər birləşməməsidir”.

Həkim diqqətə çatdırdı ki, əgər pasiyentdə titana qarşı allergiya varsa və istənilən halda heyvan və insan mənşəli sümük implantı qoydurmağa tərəddüd edirsə, bunun da çarəsi var.

Belə ki, zirkon əsaslı implantlar mövcuddur ki, bunlar metalsız keramikadır. Bundan əlavə sintetik sümük əvəzediciləri də təklif olunur.
 

Maraqlıdır ki, film və seriallarda tez-tez göstərilən “orqan yaddaşı” səhnələri insanların diqqətini çəkir. Məsələn, ürək köçürülən şəxsin donorun zövqlərini, xarakterini və ya xatirələrini qazandığı təsvir edilir. Dramatik süjet üçün çox maraqlıdır, amma tibb bunu da təsdiqləmir. Çünki xatirələr və şəxsiyyət xüsusiyyətləri beyin hüceyrələrində saxlanılır. Ürək, böyrək və ya sümük bu məlumatları daşıyan orqanlar hesab edilmir.


Bəzi transplantasiya olunmuş insanların özlərində xarakter və ya davranış dəyişikliyi hiss etməsi isə əvvəlki orqan sahiblərinin DNT-sinə əsaslanmır. Bu daha çox psixika ilə bağlıdır. Ağır xəstəlikdən sonra insanın həyata baxışı dəyişir, ona verilən “ikinci şansı” daha ciddi dəyərləndirməyə çalışır. Bundan başqa, sonrakı bərpa müddətində istifadə olunan dərmanların da əhval və davranışa təsiri qaçılmazdır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin