128 illik ekran tarixi: Azərbaycan kinosunun bir illik HESABATI

Hazırda oxunan: 128 illik ekran tarixi: Azərbaycan kinosunun bir illik HESABATI

629100

2 avqust Azərbaycan Kinosu Günüdür. 128 ildir Azərbaycan kinosu cəmiyyətin yaddaşını, insanların taleyini, zamanın izlərini ekrana köçürür. Kinomuz bəzən müharibənin ağrısını, bəzən insanın daxili mübarizəsini, hisslərini danışıb və göstərib. Hər yeni film kino tarixinə əlavə olunan səhifədir. Kino Günü təkcə milli kinomuzun yaranmasının növbəti ildönümü deyil, həm də ötən bir il ərzində bu sahədə görülən işlərə nəzər salmaq üçün fürsətdir. Son illərdə dövlət dəstəyi ilə istehsal olunan filmlərin sayını artıb, beynəlxalq festivallarda iştirak genişlənib.

Bəs kinomuzun 128-ci ili necə yadda qaldı? Neçə bədii, bədii-sənədli film çəkildi? Kino festivallara təqdim olunan filmlər varmı? Varsa hansılardır?

Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ötən il avqust ayından bugünədək, bir il ərzində film istehsalının dövlət tərəfindən dəstəklənməsi məqsədilə ümumilikdə dörd müsabiqə keçirilib. 

Qeyd edilib ki, bunlardan dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinə 88 müraciət daxil olub və 23 layihə qalib seçilib. Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri müsabiqəsində 32 müraciətdən 3-ü, post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsində isə 38 müraciətdən 19-u maliyyə dəstəyi qazanıb. Bundan başqa, "Bakı Türkoloji Qurultayı – 100 il" xüsusi müsabiqəsinə təqdim olunan 5 layihədən 1-i qalib elan edilib.

Agentliyin məlumatına görə, hesabat dövründə ümumilikdə 35 film təhvil verilib. Həmin filmlərin istehsalına ayrılan vəsaitin ümumi məbləği 7 milyon 402 min 788 manat təşkil edib.

Eyni zamanda, ARKA-nın dəstəyi ilə istehsal olunan ekran işləri il ərzində 20 beynəlxalq film festivalında iştirak edib.

Məlumatda vurğulanıb ki, təhvil verilən filmlərin xeyli hissəsi ilk dəfə festivalda nümayiş olunacağı üçün hələki ölkəmizdə göstərilməyib. Festival həyatı bitdikdən sonra filmlərin kinoteatr həyatı başlayacaq. Hazır olub hələ nümayiş olunmayan filmlərə “Buzlar əriyəndə”, “Qıfıl”, “Quşlar susanda”, “Ölü Həsən”, “3 kiloqramlıq xoşbəxtlik” kimi bədii filmlər daxildir.
 

Ölkəmizdə qeyd edilən zaman kəsiyində nümayiş olunan 4 hissəli “Tağıyev” filminin iki hissəsi, yəni “Tağıyev-Sona” və “Tağıyev-məktəb” nümayiş olunub. May ayında isə Azərbaycanın qədim tarixinə aid macəra filmi “Akinak” tamaşaçılara təqdim olunub.


Bildirilib ki, ARKA-nın maliyyələşdirdiyi onlarla sənədli, bədii-sənədli və qısametrajlı filmlər ərsəyə gəlib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin