Azərbaycan Mərkəzi Bankının məlumatına görə 2026-cı ilin ilk yarımilində Azərbaycanda sığorta şirkətləri üzrə ümumi sığorta haqları 867,4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% çoxdur. Eyni zamanda sığorta ödənişləri 432,2 milyon manatdan 549,7 milyon manata yüksələrək 27,2% artıb.
Bazarın əsas hissəsini təşkil edən könüllü sığorta üzrə yığımlar 622,4 milyon manatdan 717,7 milyon manata yüksələrək 15,3% artıb. Könüllü sığorta ödənişləri isə 29,2% artaraq 470 milyon manata çatıb. Könüllü həyat sığortası üzrə haqlar 14,4% artaraq 482,6 milyon manat, ödənişlər isə 33,2% artaraq 400,6 milyon manat olub. Bu sahədə ən böyük payı həyatın yaşam sığortası qoruyub saxlayıb.
MÖVZU İLƏ BAĞLI:
Bu il yığılan sığorta haqqının məbləği AÇIQLANDI
Qeyri-həyat könüllü sığortasında haqlar 17,2% artaraq 235,1 milyon manata yüksəlib.
Əmlak sığortası üzrə yığımlar 30,3% artaraq 139,4 milyon manat olub. Bu istiqamətdə əmlakın yanğından və digər risklərdən sığortası üzrə haqlar 49,9%, su nəqliyyatı vasitələrinin sığortası isə 13,5 dəfə artıb. Tibbi sığorta üzrə haqlar isə 1,2% azalaraq 87,3 milyon manata düşüb.
İcbari sığorta bazarında isə əks tendensiya qeydə alınıb.
Bu seqment üzrə sığorta haqları illik müqayisədə 23,1% azalaraq 149,7 milyon manata enib. Buna baxmayaraq, sığorta ödənişləri 16,6% artaraq 79,7 milyon manat təşkil edib. İcbari sığortada ən böyük növ olan avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə haqlar 8% azalaraq 91,5 milyon manata düşsə də, ödənişlər 18,1% artaraq 75,9 milyon manata yüksəlib. Daşınmaz əmlakın icbari sığortası üzrə haqlar isə 2,4 dəfə artaraq 56,6 milyon manata çatıb.
Hesabat dövründə sığorta bazarında zərərlilik əmsalı da yüksəlib.
Belə ki, 2026-cı ilin yanvar-iyun aylarında bu göstərici 63,4% təşkil edib ki, bu da ötən ilin eyni dövründəki 52,9%-lə müqayisədə 10,5 faiz bəndi çoxdur. Könüllü sığortada zərərlilik əmsalı 58,5%-dən 65,5%-ə yüksəlib, o cümlədən həyat sığortasında 71,3%-dən 83,0%-ə çatıb.
Qeyri-həyat könüllü sığortasında isə əmsal 31,5%-dən 29,5%-ə enib. İcbari sığortada zərərlilik əmsalı 35,1%-dən 53,2%-yə yüksəlib. Bu seqmentdə avto-icbari sığortasında zərərlilik 76,2%-dən 82,9%-ə artsa da, daşınmaz əmlakın icbari sığortasında 5,6%-dən 9,3%-ə yüksəlib.
Könüllü tibbi sığortada zərərlilik 48,1%-dən 52,8%-ə, həyatın yaşam sığortasında isə 74,3%-dən 87,2%-ə çatıb. Əvəzində əmlak sığortasında zərərlilik əmsalı 18,9%-dən 16,3%-ə geriləyib.
Zərərlilik əmsalı sığorta şirkətlərinin topladıqları sığorta haqlarının nə qədərini müştərilərə ödəniş kimi geri qaytardıqlarını göstərən göstəricidir. Məsələn, zərərlilik əmsalı 63% olduqda bu o deməkdir ki, şirkətlər topladıqları hər 100 manat sığorta haqqının təxminən 63 manatını sığorta hadisələri üzrə müştərilərə ödəyiblər.
Əmsal yüksəldikcə, şirkətlərin ödəniş yükü də artır. Təbii birbaşa bu da mənfəətliliyi risk altına alır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, 63 faizlik göstərici əslində yaxşıdır ki, sığorta şirkətləri vaxtlı-vaxtında sığortaçıya ödənişlərini edir:
“Bu da insanların sığorta şirkətlərinə inamının göstəricisidir.
Baxmayaraq ki, ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin eyni dövründə sığorta haqları 6 faiz artıb. Amma ödənişlərin 63 faizə qədər artması sığorta şirkətlərinin maliyyə dayanıqlılığına mənfi təsir edə bilər. Bunun qarşısına almaq üçün növbəti 6 ay ərzində sığorta şirkətləri sığorta haqlarının yığımını artırmalıdırlar ki, fərqi nisbətən aşağı sala bilsinlər. Bu da digər sığorta növlərinin yığımının təşiqinə gətirib çıxarır.
Əslində yay tətili olduğu üçün səyahət sığortalarına maraq artıb.Bundan əlavə, ölkəmizə gətiriləcək yeni nəsil avtomobillərin icbari və kasko sığortası üzrə ödəmələr də şirkətlərin maliyyə dayanıqlılığını artıracaq. Eyni zamanda işsizlikdən sığorta növünün tətbiqinə də hazırlıq gedir. Bu sığorta xidmətinin tətbiqi sığorta haqlarının artmasına imkan yaradacaq. Və ümumilikdə bütün sığorta xidmətləri barədə təbliğatın güclənməsi şirkətlərin gəlirlərinin artmasına şərait yarada bilər”.
Surxay Atakişiyev, Bizim.Media



































































































