“Gözümüzlə görmədiyimiz məhsula halallıqla bağlı rəy vermirik”

Hazırda oxunan: “Gözümüzlə görmədiyimiz məhsula halallıqla bağlı rəy vermirik”

46539

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İslam Universitetinin dekanı, ilahiyyatçı alim Hacı Fuad Nurullah Moderator.az-a gündəmin bir sıra aktual mövzularıyla bağlı geniş müsahibə verib. Onunla söhbətin birinci hissəsini təqdim edirik:

-Ümumiyyətlə, dünyada belə bir sistem mövcuddur. Dünyada hər bir din sahibinin dini əqidə və hüquqları var. Məsələn, xristian əqidəsində olan insanlar o çərçivədə nələrə sahib ola bilərlər və buna münasibəti kilsə rəhbərliyi bildirir. Yəhudilərdə də yəhudi adət-ənənəsinə, şəritə uyğun olaraq müxtəlif qidalardan istifadə etmə məsələlərində də sinaqoq rəhbərliyi mövqeyini bildirir. Eynilə islam dininə ibadət edən cəmiyyətlər və xalqlar da öz halallıq hüququnu tələb edir və o dini rəhbərliyə müraciət edir və bu barədə səlahiyyətli şəxslərdən açıqlama istəyir. Dünyamız indi elə bir dövr və zamanı yaşayır ki, insanlar öz hüquqlarını tələb etmək iqtidarındadır. Biz də Azərbaycan xalqı olaraq əksər camaatımız müsəlman olduğu üçün bu gün süfrəsində halal qida görmək istəyir. O halal qidalar ki, onlar sırf müsəlman adətinə və şəriət qayda-qanunlarına uyğun olaraq hazırlanmalı və süfrəyə gətirilməlidir. Yaxud da süfrəyə gətirilməyən bəzi istehsal məhsulları var ki, orada da halallıq başlıca şərtdir. Məsələn, parfumeriya məhsullarına islama zidd olan bəzi haram qatqılar qatılırmı? Yeri gəlmişkən, deyim ki, “Qazelli” firmasından bununla bağlı bizə müraciət olunub, onlara da lazımi münasibətimizi bildirmişik. Gedib yerindəcə onların istehsalı ilə maraqlanıb tanış olmuşuq və öz rəyimizi bildirmişik.

-Rəy hansı formada verilir? Sertifikat da verirsiniz?

-Xeyr, biz sertifikat vermirik. Sertifikatı dövlət komitəsi verir. Biz sadəcə olaraq istehsal prosesinə rəy və münasibətimizi bildiririk.

-Elə ola bilər ki, sizin mənfi rəy verdiyiniz bir istehsala komitə müsbət münasibət göstərib sertifikat versin?

-Əgər söhbət ərzaqlardan gedirsə, bu mümkün deyil. Amma burda başqa məqamlar da var. Ola bilər ki, şəriət baxımından hər bir proses normal olsun, ancaq texniki baxımdan natamamlıq aşkarlansın. Ola bilər ki, biz bir ərzağın halal olması barəsində rəyimizi bildirək, amma o ərzaq tibbi və sanitariya standartlarına uyğun olmasın. Yaxud tibb mütəxəssisi baxıb desin ki, bu ərzağın artıq vaxtı ötüb, yaxud istehsalı xətərlidir. Yəni tutaq ki, bir heyvan şəriət qaydasına uyğun olaraq kəsilib. Yəni üzü qibləyə tutulub, “bismillah” deyilib, bütün kəsim prosesi islam qaydalarına uyğun həyata keçirilib. Biz də buna müsbət rəyimizi bildiririk. Amma tutaq ki, həmin əti baytarlıq laboratoriyasında yoxlayıb görürlər ki, bu ət  brüsulyozdur.

-Çox maraqlı məqama toxundunuz. Bu gün ölkənin bütün kolbasa, sosiska istehsalçıları xammalı demək olar ki, xaricdən, ələlxüsus da xristian dininə etiqad edən ölkələrdən idxal edirlər. O zaman halal-harama necə nəzarət etmək olar ki?

-Təşəkkür edirəm, elə sual verməsəyədiniz də bu məqama aydınlıq gətirəcəkdim. Məsələn, biz deyək ki, “Sab” firmasına getmişik, orda baxıb dəqiqləşdiririk ki, siz burdamı istehsal edirsiniz təklif etdiyiniz məhsulları? Görürük ki, “Sab” firması lazım olan bütün xammalı daxili bazardan əldə edərək istehsal edirlər. Özləri də etiraf edir ki, əvvəllər Hindistandan, başqa ölkələrdən idxal olunub. Amma sərf etmədiyindən imtina ediblər. Yəni insanlarımız son zamanlar halalla harama daha çox diqqət yetirdiklərindən şirkət müştərilərini itirməsin deyə hətta baha başa gəlsə belə ancaq daxili bazardan xammal əldə edərək idxaldan birdəfəlik imtina edirlər. Şirkət etiraf edir ki, artıq məhsulun maya dəyəri çox baha olsa da tələbat var və insanlar onun halal olduğuna əmin olub həvəslə alırlar. Amma xaricdən idxal olunan məhsulların hamısına da haram gözüylə baxmaq doğru deyil. Ola bilər ki, şirkət müəyyən qədər xammalı xaricdən idxal etsin. O zaman bizim idarədən olan mütəxəssis həmin şirkətin nümayəndəsi ilə məhsulun əldə edildiyi ölkəyə ezam olunaraq, məhsulun necə və hansı yolla tədarük olunduğunu öz gözləri ilə görüb rəyini verə bilər.

-Elə bir nümunə olubmu ki, sizin hansısa mütəxəssisiniz xaricdə ezamiyyətdə olsun?

-Hələ belə bir praktikamız yoxdur. Bu hələ bizim təklifimizdir ki, şirkətlər dəyərləndirsin.

-Xristian ölkəsindən gələn ət necə halal ola bilər?

-Niyə ki? Fransada və bir çox Avropa ölkəsində türklərin və ərəblərin özlərinin nəhəng istehsal müəssisləri var. Həmin ölkələrdə yaşayan müsəlmanlar üçün məxsusi olaraq halal yolla hazırlanmış məhsullar istehsal edirlər. Hətta həmin məhsulları xarici ölkələrə ixrac etdikdə də üzərində ərəbcə şəriət qaydasına uyğun olaraq kəsildiyi və istehsal olunduğu yazılır. Biz də istəyirik ki, bunu tətbiq edək və gedib yerindəcə həmin məhsulların hazırlanmasına baxaq. Əgər mən bir müəssisənin istehsalı ilə bağlı rəy verirəmsə, təşkil etdiyimiz komissiya üzvündən bir və ya iksi həmin müəssisənin nümayəndəsi ilə birlikdə getsin tutaq ki, Hindistana, orda həmin ətin tədarükünə, hazırlanmasına və qablaşdırılmasına baxsın. Həmin heyvanların müsəlman və ya başqa dinə mənsub adamlar tərəfindən şəriət qaydalarına uyğun kəsilib- kəsilmədiyi müəyyənləşdirilsin. Digər texniki və sanitar uyğunluqlarını həmin şirkətin öz mütəxəssisləri müəyyənləşdirsinlər, amma bizim idarəmizin əməkdaşları həmin texnoloji prosesin bütün mərhələlərinin şəriət kriteriyalarına uyğun olub olmadığını görərək öz rəylərini verməyə hazırdılar. Amma indiki kimi sadəcə üstünə “halal” yazılan məhsullara inana bilmərik. Biz görmədiyimiz məhsula rəy vermirik. Yəni şəriət şəraitə uyğun hökm verməkdir. Gözlə görülməli və yalnız bundan sonra rəy verilməlidir. Xalqımız da bu istəyini dilə gətirir və lazımı ölçü götürülməsini bizdən tələb edir. Bu isə QMİ əməkdaşlarının və din xadimlərinin hüququdur ki, halal və harama rəy versinlər.

-Dediklərinizdən belə çıxdı ki, artıq QMİ ilə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında hər hansı bir anlaşılmazlıq qalmayıb.

-Məni də dvət etmişdilər və QMİ tərəfindən ATV telekanalına göndərildim. Həmin komitənin də məsul əməkdaşı verilişə gəldi və orada çıxışımız oldu. Məhsulların halallığıyla bağlı mən də QMİ nümayəndəsi kimi öz təkliflərimizi dedim. Elə həmin verilişdə də Standartlaşma komitəsinin nümayəndəsi ilə yekdil mövqeyimiz belə oldu ki, biz birgə əməkdaşlıq etməliyik. Bildirildi ki, əgər bu əməkdaşlıq baş tutsa, millətimizin xeyrinə olar. Yəni ortada başqa maraqlarımız yoxdursa, millətin paklığı, təmizliyi, halallığı naminə niyə bunu etməyək?

-Komitənin cavabı necə oldu bu təklifə?

-Müsbət cavab verildi. Standartlaşma komitəsinin nümayəndəsi də dedi ki, bu məsələ komitədə də müzakirə olunur və bu addımların atılacağı gözlənilir. Bununla bağlı komitənin mətbuatda açıqlaması da getdi ki, onlar QMİ ilə əməkdaşlığa hazrdılar və halallıq barədə də söz demək hüququna QMİ və bu qurumun müvafiq komissiyası sahibdir.

-Belə görünür ki, hər iki tərəf əməkdaşlıqda maraqlıdır. Elə isə bu əməkdaşlıq sözdən əmələ keçibmi?

-Bizdə artıq komissiya formalaşdırılıb. Məndə olan məlumata görə komitədə bu istiqamətdə iş aparılır və bildiyim qədər hər iki qurumun rəhbərliyi səviyyəsində söhbət də olub. Yəni komitə sədri ilə Şeyx həzrətləri arasında bu barədə danışıq olub. Ona görə də yaxın zamanlarda cəmiyyətimiz və mətbuat da bu əməkdaşlığın siz dediyiniz əməli nəticəsini inşallah görəcəklər.

-QMİ təkcə Azərbaycanda deyil, bütün Qafqazdakı halalla haramın sərhədlərini müəyyənləşdirir. Elə isə tutaq ki, Dağıstanda və ya Çeçenistandakı ət və ət məhsullarının, süd və süd məhsullarının halallığına kim nəzarət edir?

-Əslində bu təkliflər Qafqazın müxtəlif regionlarından QMİ-yə gəlməlidir. Bizim idarənin həmin regionların hamısında nümayəndəliklərimiz var. Mümkündür ki, şeyxin göstərişi ilə həmin nümayəndəliklərdən də bir neçə nəfərlik komissiya təşkil olunsun və həmin regionlarda da dediyimiz proseduru həyata keçirmək mümkün olsun.

-Ancaq hələ ki, həmin regionlardan QMİ-yə təklif gəlməyib...

-Yox, hələ ki, belə bir müraciət gəlməyib.

-QMİ Rusiyanın Qafqazdakı federasiya subyektlərinin rəsmi qurumlarına müraciəıt edib ki, islam qaydalarına görə halallıqla bağlı belə bir rəy verilməsinə ehtiyac var?

-Artıq bu istəklər ifadə olunub və düşünürük ki, yaxın zamanlarda Şimali Qafqaqzda da ət və ət məhsullarının istehsalıyla bağlı dediyimiz müvafiq addımlar atılacaq. Özü də təkcə ət məhsullarından söhbət getmir və yuxarıda da dediyim kimi hətta parfümeriyada da halallığın gözlənilməısi şərtdir. Yəni bütün bu istehslalat zamanı islam qaydalarına riayət olunmalıdır. Məsələn, elə mayalar var ki, süd məhsullarına vurulur. Yəni məhsullar çox qalsın deyə həmin onların tərkibinə haram qatqılar vurulur. Biz bunları bilirik və eşitmişik.

-QMİ onu necə yoxlayacaq? Sizin də laboratoriyalar olacaq?

-Mən bu sualı da gözləyirdim. Bəziləri elə hesab edir ki, elə ruhanilər “Quran” oxumağı bilirlərsə, məclisləri, mərasimləri aparırlarsa  kifayətdir. Əsla belə deyil. Yeri gəlmişkən, millətimiz molla sözünü çox işlədir. “Molla” ifadəsi dolu deməkdir. Hərtərəfli savada, təcrübəyə, praktikaya sahib olan insanlara molla deyilir. Yəni din xadimləri hərtərfli biliyə və savada malik insanlar olmalıdır. Din xadiminin bu sahədə mükəmməl biliyi olmalıdır ki, o bir fətva, hökm ortaya qoyanda mütləq məlumatı olsun. Hətta hansı ərzaq tez və ya gec xarab olur,hansı həşarat hansı ərzağa tez yönələ bilir, hansı qidaların fəsadı nə dərəcədədir-din xadimi bunları bilməyə borcludur. Bundan başqa dəniz heyvanlarının xüsusiyyətləri və qidalanma üçün hansıların yararlı olması, bundan əlavə nəinki heyvanların iribuynuzlu və xırdabuynuzlu olmalarından, hətta ev quşlarından və köçəri quşlardan məlumatlı olmalıdır. Həmin köçəri quşlar nə zaman gəlib nə zaman gedirlər, quşlarda müşahidə olunan xəstəliklər nə formada olur, bunlardan istifadə qaydaları barədə şəriətdə hansı göstərişlər var, bu quşların hansının əti yeməli, hansı haramdır- deməyim odur ki, bütün bunların hamısı şəriət hökmlərində var...

Ardı var...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin