“Mətbuat orqanı xəbər yaymaqla məşğul olmalıdır, daha kiminsə yerinə siyasi mübarizə aparmalı deyil”.
Bu sözləri PİA.AZ-a açıqlamasında “Yeni Müsavat” qəzeti baş redaktorunun I müavini Azər Ayxan rəhbərlik etdiyi qəzetin ünvanına səslənən ittihamlara cavab verərkən belə deyib.
Onun sözlərinə görə, “Yeni Müsavat” hər kəsin tribunası olmağa və öz səhifələrində hər kəsin fikirlərinə yer verməyə çalışır: “Çox qəribə presedent yaranıb. Sanki ölkədə fəaliyyət göstərən mətbuat orqanları, xüsusən müstəqil nəşrlər qəzetçiliklə yox, siyasi fəaliyyətlə məşğul olmalıdırlar. Biz qəzetçiliklə məşğuluq, siyasətlə yox. Bir qrup insan bilməyərəkdən “Yeni Müsavat” qəzetinə qarşı şər, böhtan, qarayaxma kampaniyasına yer alır, digər qism isə məqsədli şəkildə bizə qarşı qara-piar kampaniyası aparır. Bizi İlham Əliyevlə görüşə getməkdə və ona mükafat verməkdə ittiham edirlər. Amma bu mükafatı biz verməmişik. Bu sorğu iki ay idi davam edirdi və tam səmimi deyirəm ki, İlham Əliyevin “Jurnalistlərin dostu” seçilməsi obyektiv seçim əsasında baş tutub. Bunun da öz növbəsində əsaslı səbəbləri var. Çünki ölkədə fəaliyyət göstərən mətbu orqanların çoxu iqtidarın nəzarətindədir və onların belə bir seçim etməsi gözlənilən idi. “Yeni Müsavat” qəzeti baş redaktor Rauf Arifoğlunun da söylədiyi kimi, bu tədbiri bir fürsət sayırdı və biz bu tədbirə qatılmaqla, öz problemlərimizi ən yüksək tribunada İlham Əliyevin diqqətinə çatdırmışıq. Burada qeyri-adi nə var ki?! Düşünürəm ki, Azərbaycanda mətbuata münasibət dəyişməyənə qədər, siyasi partiyalar qəzetləri öz siyasi maraqlarına alət etməyə cəhd etməkdən çəkinməyənə qədər bu kimi problemlər olacaq və biz hələ daha bir neçə il bu cür əsassız ittihamların subyektinə çevriləcəyik”.




































































































