“Azadlıq” qəzetinin bu günki sayında iddia olunub ki, prezident seçkiləri ilində hakimiyyət ölkədəki miqrantların çoxluğundan əndişələnir və buna görə də onların kütləvi deportasiyasına start verilib. Qəzet iddia edir ki, təkcə son üç gündə mindən yuxarı əcnəbi deportasiya edilib.
Mövzu ilə əlaqədar Miqrantlara Hüquqi Yardım İctimai Birliyinin rəhbəri, tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyevə müraciət etdik. Moderator.az-a açıqlamasında qurum rəhbəri bildirdi ki, “Azadlığ”ın iddialarını bölüşmür və əcnəbilərin kütləvi deportasiyasıyla bağlı onlarda hər hansı məlumat yoxdur: “Dövlət Miqrasiya Xidməti yaranandan sonra Azərbaycanda miqrasiya siyasəti sərtləşib. Dövlət də miqrasiya siyasətinin sərtləşməsi barədə də xeyli iş görüb, qanunvericilikdə də bu barədə kifayət qədər böyük dəyişiklik edilib. Avqustun 1-dən də Miqrasiya Məcəlləsi qüvvəyə minəcək. Əlbəttə, bu məcəllə əcnəbilərin Azərbaycana inteqrasiyasıyla bağlı müəyyən güzəştləri nəzərdə tutur. Əcnəbilərinsə Azərbaycandan kütləvi olaraq çıxarılması prosesinə indi yox, 2008-ci ildən başlanılıb. Özü də bu kütləvi deyil, Azərbaycan Respublikası ərazisində qanunsuz olaraq yaşayan əcnəbilərin çıxarılmasından söhbət gedir. Bu məsələni mən seçkilərlə də bağlamaq istəmirəm. Çünki hesab etmirəm ki, ölkədə yaşayan qanunsuz miqrant keçiriləcək seçkilərə hansısa formada təsir etmək imkanında olsun. Yəni miqrantların ölkədən çıxarılmasını seçkilərlə bağlamaq ağılabatan deyil. Əcnəbi jurnalistlərin, müşahidəçilərin seçkiləröncəsi Azərbaycana buraxılması məsələsində problem olarsa, bunu seçkilərlə bağlamaq olar.”
Maraqlıdır, niyə miqrantların bu cür ölkəyə axın etməsinə şərait yaradılır ki, sonrdan onların deportasiyası da əlavə söz-söhbətlərə rəvac verir?
Müsahibimiz deyir ki, bu məsələdə qabaqlayıcı və ya məhdudlaşdırıcı addımların atılması mümkünsüzdür və hətta belə bir cəhd dərhal beynəlxalq rezonans doğura bilər: “Hər bir şəxsin sərbəst hərəkət etmə azadlığı var. Azərbaycan da maraqlıdır ki, ölkəyə gələn turistlərin sayı artsın. Dünyanın bəzi ölkələri hətta turizmlə öz büdcələrini formalaşdırdıqlarına görə onlar daha cox əcnəbi cəlb etmək üçün dəridən-qabıqdan çıxırlar. Əgər vizasız rejim varsa, niyə tutaq ki, Gürcüstan və ya Türkiyə vətəndaşlarını Azərbaycana buraxmayaq, buna hansısa formada məhdudiyyət tətbiq edək? Nə sərhədçiyə, nə də digər dövlət orqanına o cür səlahiyyət verilməyib ki, əcnəbinin ölkəyə girişinə məhdudiyyət qoysun. Əksinə, əgər bu proses idarə olunsa və qanunla tənzimlənsə, əcnəbinin hər hansı ölkəyə gəlişi həmin ölkənin iqtisadiyyatıının güclənməsinə təkandır.”
































































































