Azərbaycanlı hərbçilərin Əfqanıstandan nə vaxt çıxarılacağına gəlincə, T.Abdullayev bununla bağlı hər hansı məlumata malik olmadığını qeyd edib: “Əfqanıstandakı azərbaycanlı hərbi kontingentin nə zaman vətənə qayıdacağı ilə bağlı hələlik hər hansı bir məlumat yoxdur. Əgər belə bir məlumat olarsa, o zaman ictimaiyyətə açıqlama veriləcək”.
Əfqanıstandakı sülhyaratma missiyası ilə bağlı diqqət çəkən məqamlardan biri də həm Gürcüstan, həm də Ermənistanın sülhyaratma əməliyyatlarında Azərbaycandan bir neçə dəfə artıq şəxsi heyətlə təmsil olunmasıdır. “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri polkovnik Üzeyir Cəfərov hesab edir ki, bu fərq ölkə rəhbərlərinin siyasi iradəsi ilə əlaqədardır:
“Bu, siyasi iradədən asılı olan bir məsələdir. Eyni təklif Gürcüstana da edilib və Azərbaycandan fərqli olaraq Gürcüstan Əfqanıstanda briqada şəklində - 1300 nəfərlik şəxsi heyətlə təmsil olunur. Əfqanıstandakı erməni hərbçilərin sayı isə 300 nəfərdir. Azərbaycan isə əməliyyatlarda 90 nəfərlik sülhməramlı taborla iştirak edir. Əfqanıstanda bir neçə gürcü əsgərinin ölümünə yol açan hadisədən sonra Gürcüstan tərəfi bu ölkədəki şəxsi heyətin sayını azaltmağı düşünür. Yəqin ki, 2014-cü ildə bu məsələ öz həllini tapacaq. Böyük ehtimalla gələn il Azərbaycan da bu məsələyə baxacaq. Çünki orada sülhyaratma əməliyyatları tədricən Əfqanıstan əsgərlərinin əlinə keçir. Mən düşünmürəm ki, bu prosesdən sonra orada vəziyyət stabilləşəcək. Əsgər itkiləri ilə nəticələnən olaylar baş verə bilər. Bütün bunların fonunda biz Azərbaycan əsgərlərinin həyatını qorumalıyıq”.
Seymur Əliyev

































































































