“Onlar ictimai kitabxanalarda olsunlar ki, kitabxanalara getməyi də vərdiş halına gətirsinlər. Tələbələr bununla da fərdi yaşamadan, ictimai yaşamaya keçir”
Dünən Azərbaycan Dillər (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla ADU-nun bakalavriat pilləsinin birinci kursuna qəbul olmuş Təhsil fakülitəsinin tələbələri ilə görüşdə maraqlı təşəbbüslə çıxış edib. Rektor bildirib ki, tələbələrin mağazalardan aldıqları kitabların pulu universitet tərəfindən ödəniləcək. Bunun üçün tələbələr kitab mağazalarından aldığı qəbzləri universitetə təqdim etməlidirlər. Rektorun bu təşəbbüsü tələbələr tərəfindən də alqışla qarşılanıb.xa0
Tanınmış təhsil ekpserti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov Moderator.az-a açıqlamasında K.Abdullanın bu təşəbbüsünü təqdirəlayiq olduğunu bildirərək, öz təkliflərini də verib:
“Kamal Abdullanın bu təşəbbüsü təqdirəlayiqdir, bunu mən də alqışlayıram. Amma bir şeyi də demək istəyirəm ki, universitet rəhbərliyi bu kitabları alıb kitabxanalarında saxlasın ki, gələcək nəsillər də bu kitablardan istifadə edə bilsinlər. Yoxsa ki, o kitab hansısa tələbənin evində qalırsa, sonradan kitab əhəmiyyətini itirir. Mən arzu eliyərdim ki, tələbələr universitetin kitabxanalarında mütaliə etsinlər. Onlar ictimai kitabxanalarda olsunlar ki, kitabxanalara getməyi də vərdiş halına gətirsinlər. Tələbələr bununla da fərdi yaşamadan, ictimai yaşamaya keçir. Bunu nəzərə almaq lazımdır”.
Vasif Əlihüseyn




































































































